Qərbə köklənən İrəvan (VİDEO)

Qərbə köklənən İrəvan (VİDEO)

Paşinyanın Rusiyanın vasitəçiliyindən boyun qaçırıb, prosesə Qərbi cəlb etmək istəyi, onun ürəyində qalan arzularını gerçəkləşdirməyə çalışmaq cəhdindən başqa bir şey deyil. O, artıq tarixə qovuşmuş Qarabağın statusu məsələsində, proseslərə yenidən ATƏT-in Minsk qrupunu cəlb etmək istəyində, 10 noyabr bəyanatında yer alan dəhlizlərin açılması prosesini gecikdirmək istiqamətində Qərbin dəstəyinə ümid edir. Elə bu səbəbdən də erməni baş nazir Avropanın vasitəçiliyini gündəmə gətirərək, özünü Brüssel səfərinə kökləyib. Amma Soçi görüşü Brüssel görüşünü demək olar ki, əhəmiyyətsiz etdi və beləliklə də Paşinyanın ümidləri suya düşdü, cəhdləri elə cəhd olaraq da qaldı.

Soçi görüşündən fərqli olaraq Brüssel görüşündə konkret sənədlər olmayacaq, sadəcə müzakirələrin aparılması nəzərdə tutulur. Bu müzakirələrdə köhnə vəziyyətə qayıdış formatında təkliflər ola bilər ki, bu da həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına ziddir. Fazil Mustafa məsələlərin Soçi görüşündə artıq həll olunduğunu deyir.

Soçi görüşünün nəticələrinə əsasən dəhliz məsələsinin də Azərbaycanın istəyinə uyğun şəkildə reallaşacağını proqnozlaşdırmaq olar. Ermənistanın yubatmağa, bəzən isə səhv istiqamətə yönləndirməyə çalışdığı bu məsələ artıq konkretləşdi.

Paşinyanın Birləşmiş Ştatların təşkil etdiyi sözdə “Demokratiya sammiti”nə dəvət alması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayıb. Çünki bu sammit “Soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqı üzvü Ermənistandır.

Bəli, Birləşmiş Ştatlar Prezidenti Co Bayden Ermənistana bundan ağır zərbə vura bilməzdi. Çünki indiki şərtlər altında Ermənistanın hansısa blokda, xüsusilə də anti-Rusiya blokunda yer alması, Rəsmi İrəvan üçün gözlənilməz sürprizlərlə nəticələnə bilər. Özü də bu təkcə Ermənistan hakimiyyətinin deyil, Ermənistanın özünün taleyi ilə bağlı məsələ olacaq. İrəvanla Moskva arasındakı bu inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur.

Mənbə: www.realtv.az