Zəngəzur dəhlizi Cənubi Qafqazda sabitliyi daha etibarlı edəcək

Zəngəzur dəhlizi Cənubi Qafqazda sabitliyi daha etibarlı edəcək

İstanbul, 28 noyabr, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi şanlı Zəfərin davamı olaraq, Zəngəzur dəhlizinin açılması xəbəri bir türk olaraq hər birimiz üçün qürurvericidir. Həm də bu, türk dünyası adına çox vacib tarixi hadisədir. Bunun Soçi görüşü zamanı bir daha təsdiq edilməsi xəbəri isə hər birimiz üçün bayram ab-havası yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin görüşə qalib tərəf olaraq qatılması uzun illər gözlədiyimiz tarixi və vacib hadisədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu söyləyib.

O deyib: “İkinci Qarabağ müharibəsinin başladığı ilk gündən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin əmin və qətiyyətli çıxışları Qarabağın işğaldan azad edilməsi ilə yanaşı, bu şanlı Zəfərin bir sıra mühüm nəticələr verəcəyinin xəbərçisi idi. Azərbaycanın Qələbəsi ilə nəticələnən müharibənin başa çatmasından və üçtərəfli bəyannamənin imzalanmasından bir il keçir. Bu bir il ərzində Qarabağda görülən bərpa-quruculuq işləri başda olmaqla, bölgənin rifahı baxımından çox mühüm addımlar atılıb. Soçi görüşü də bu istiqamətdə mühüm hadisədir. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması yalnız iki ölkə üçün deyil, bölgə, həmçinin dünya üçün böyük əhəmiyyət kəsb edir. Açılacaq Zəngəzur dəhlizi isə Şərqlə Qərb arasında çox mühüm körpü rolunu oynayacaq, Cənubi Qafqazda sabitliyi daha etibarlı edəcək, regionda isə sülhün hökm sürməsinə vəsilə olacaq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az