KTMT ölkələrinin əksəriyyəti Ermənistanın bu təşkilatda olmasına baxmayaraq Azərbaycanı dəstəkləyir - Sergey Markov

Bakı. Ləman Zeynalova - Trend:

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirilib. Zirvə toplantısının yekunu olaraq Aşqabad Bəyannaməsi qəbul edilib və orada Azərbaycana işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə təbrik də yer alıb. Xüsusilə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan, Qırğızıstan və Tacikistan da ölkəmizi tarixi qələbə münasibətilə təbrik ediblər.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Trend-ə bildirib ki, bu, şübhəsiz ki, Azərbaycanın diplomatik qələbəsidir.

"Burada müasir dünyanın görkəmli diplomatlarından biri olan Prezident İlham Əliyevin şəxsiyyətinin rolu olub. Bu, gözlənilən diplomatik qələbədir, Azərbaycan rəhbərliyinin bütün illik fəaliyyətinin nəticəsidir", - deyə Sergey Markov qeyd edib.

Markov vurğulayıb ki, Ermənistanla qarşıdurmada Azərbaycan əksər dövlətlərdən, o cümlədən postsovet məkanındakı ölkələrdən və Ermənistanın KTMT-nin üzvü olmasına baxmayaraq bu təşkilatın əksər üzvlərindən böyük dəstək alır.

"Qırğızıstan, Tacikistan və Qazaxıstandan başqa, Belarusun da adı çəkilməlidir ki, onlar da Azərbaycana, hətta konkret olaraq silahla da fəal dəstək verirlər. Belə böyük dəstəyin olmasının bir neçə səbəbi var. Birincisi, BMT-nin bütün üzvləri bilir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri var ki, Qarabağ Azərbaycandır və işğala son qoyulmalıdır. Bundan başqa, hamı bilir ki, Azərbaycan ədalətli mövqe tutur. Bu ərazilər həmişə Azərbaycanın olub. Bunun sübutu Xocalıdakı soyqırımı, kütləvi etnik təmizləmədir. Bütün bunlar müxtəlif ölkələri məhz Azərbaycanı dəstəkləməyə sövq etdi. Bir çox dövlətlərdə Ermənistana kifayət qədər kritik münasibət bəsləyirlər. Hələ sovet dövründə, indi olduğu kimi, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı ölkə olub. Ermənistan isə həmişə monomillətli, ultra-millətçi ölkə olub və helədə qalır", - deyə Sergey Markov qeyd edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Saakaşviliyə yeni diaqnoz qoyuldu

SONRAKI XƏBƏR

Göyçayda yol qəzasında bir polis ölüb, digəri xəsarət alıb