Soçi görüşünün əvvəlində Paşinyan bu cür göylə gedirdi - “Azərbaycan ərazilərimizə soxulub”... Axırda isə...

Soçi görüşünün əvvəlində Paşinyan bu cür göylə gedirdi - “Azərbaycan ərazilərimizə soxulub”... Axırda isə...

Ceyhun Məmmədov: “Hesab edirəm ki, humanitar məsələlərin həllinə mina xəritələrinin Azərbaycana verilməsi də daxildir...”

Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış etmişdilər.

Həmin bəyanatda diqqət çəkən məqamlardan biri humanitar məsələlərin həlli üçün də yaxşı imkan yaranması ilə bağlı fikirlərdir. Rusiya Prezidenti Vladimir Putin bəyanatında qeyd edir: “...Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik”.

“...Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, humanitar xarakterli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə - istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra - bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub”. Bu fikir isə Azərbaycan Prezidenti İlham Əliyevin Bəyanatında əks olunub.

“...Əlbəttə, humanitar məsələlərə də toxunuldu. Bugünkü söhbətləri, bugünkü görüşü mən də bütövlükdə çox müsbət qiymətləndirirəm”. Bu sözlər isə üçtərəfli görüşün əvvəlində “Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub” əsassız fikrini səsləndirən Ermənistanın baş naziri Paşinyana aiddir. Söhbətin əvvəlində bir söz demək, sonunda isə əvvəl dediklərini təkzib edən sözlər söyləmək Paşinyanın köhnə şakəridir. Soçidə qəbul olunmuş bəyanatda bildirilib ki, humanitar məsələlərin həlli üçün də yaxşı imkan yaranıb. Humanitar məsələlərin həlli deyiləndə, Ermənistanin mina xəritələrini Azərbaycana verməsi, verməli olduğu məsələləri də nəzərdə tutulurmu? Çünki orada bu məsələ açılmır. Ümid etmək olarmı ki, Ermənistan mina xəritələrini qüsursuz şəkildə Azərbaycana verəcək?

“Ermənistan tərəfi də konstruktivlik göstərərək mina xəritələrini Azərbaycana verməlidir”

Məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Soçi görüşü çox məhsuldar oldu və bir çox məsələlər öz həllini tapdı: “Eyni zamanda humanitar məsələlərin həlli də xüsusi vurğulandı. Hesab edirəm ki, humanitar məsələlərin həllinə mina xəritələrinin Azərbaycana verilməsi də daxildir və Ermənistan bu xəritələri tez bir zamanda Azərbaycana verməlidir. Əslində, bu xəritələr çoxdan verilməli idi, amma təəssüf ki, Ermənistan uzun müddət gecikdirdi və bu xəritələri Azərbaycana vermədi. Bu da Ermənistanın növbəti dəfə beynəlxalq hüququ pozmaq cəhdidir və Ermənistan tərəfindən növbəti bir təxribat xarakterli əməldir”

C.Məmmədov hesab edir ki, minalanmış ərazilərin xəritələri çox qüsursuz formada Azərbaycana verilməlidir: “Azərbaycana dəqiq xəritələr verilməlidir. Bilirik ki, əvvəlki dövrlərdə bizə bir sıra xəritələr verildi, amma sonradan məlum oldu ki, bunlar qeyri-dəqiq xəritələrdir. Ermənistan tənzimləmə mərhələsinə diqqətlə və həssaslıqla yanaşmalı, mina xəritələrini çox tez bir zamanda Azərbaycana verməlidir”.

C.Məmmədov deyir ki, son zamanlar 180 Azərbaycan vətəndaşı minaya düşüb, onlar arasında yaralananlar və həyatını itirənlər olub. Millət vəkili xatırlatdı ki, bir neçə gün əvvəl yenə də Füzulidə bizim Daxili Qoşunların iki hərbçisinin minaya düşdüyünün şahidi olduq. “Bu onu göstərir ki, mina məsələsi öz aktuallığını qoruyacaq və uzun müddət bizim vətəndaşlarımız minaya düşüb həyatlarını itirə bilərlər. Ona görə də, fikrimcə, bu məsələdə Ermənistan konstruktivlik nümayiş etdirməlidir. Rusiya da Ermənistana təzyiq göstərməlidir ki, Ermənistan bu xəritələri dəqiq formada, qüsursuz şəkildə Azərbaycan tərəfinə versin. Humanitar məsələlərin həlli dedikdə, hesab edirəm ki, onların başında duran ən vacib məsələlərdən də biri mina xəritələri məsələsidir. Ermənistan hər dəfə əsirlər məsələsini qaldırır, Azərbaycan da humanistlik edərək bu əsirləri Ermənistan tərəfə verir. Ermənistan tərəfi də konstruktivlik göstərərək mina xəritələrini Azərbaycana verməlidir. Yəni söhbət dəqiq xəritələrdən gedir. Bu xəritələr əsasında biz minaları taparaq öz vətəndaşlarımızı minalara düşməkdən xilas edərik. Hesab edirəm ki, bu ən mühüm və vacib məsələlərdən birdir” - deyə C.Məmmədov qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com