Rəsmi Tehrandan Prezidentlərin görüşü barədə açıqlama

Rəsmi Tehrandan Prezidentlərin görüşü barədə açıqlama

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian noyabrın 28-i Azərbaycan və İran Prezidentləri İlham Əliyevlə İbrahim Rəisi arasında Aşqabadda baş tutan görüşə dair açıqlama yayıb.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, Prezidentlər arasındakı görüşün son dərəcə dostyana və səmimi bir mühitdə keçdiyini bildirən Abdullahian qeyd edib:

“İki ölkə ilə xalqların mənafeyinə uyğun olaraq əldə edilən razılaşmaların ölçüləri müxtəlifdir. İran və Azərbaycan liderlərinin iradəsi qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətindədir. Görüşdə tranzit, enerji, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. İki ölkə və onların xalqları qonşuluqdan daha çox yaxın qohumdurlar. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev İranın narahatlıqları ilə bağlı ümidverici sözlər dedi və buna uyğun hərəkət ediləcəyini vurğuladı. Qonşularımızla münasibətlərimizi inkişaf etdirməyə davam edəcəyik”.

Qeyd edək ki, noyabrın 28-də Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşü olub.

Mənbə: qafqazinfo.az