Ukraynanın azərbaycanlı ŞƏHİDLƏRİ

Ukraynanın azərbaycanlı ŞƏHİDLƏRİ

Ukrayna ordusunun azərbaycanlı əsgəri Alxaslı Əli Naib oğlu bir neçə gün öncə - noyabrın 26-da işğalçıların snayper atəşi nəticəsində həlak olub.

Xarkov sakini olan Əli peşəkar idmançı idi. O, Xarkovda evlənmişdi, 2018-ci ildən isə orduda xidmət edirdi...

Əli Naib Alxaslı ilə vida mərasimi bu gün Xarkovda keçiriləcək.

Modern.az saytı xəbər verir ki, Əli Ukraynada həlak olan ilk azərbaycanlı hərbçi deyil.

Hələ 2014-cü ilin iyulunda Ukraynanın Luqansk şəhəri uğrunda separatçılarla döyüşdə əslən Azərbaycanın Beyləqan rayonun Daşburun qəsəbəsindən olan Yolçu Əliyev həlak olmuşdu.
Yolçu Əliyev könüllü yazıldığı "Aydar" Ukrayna hərbi birləşməsinin tərkibində döyüşürdü. Ukrayna vətəndaşı olan Yolçu Əliyev 2014-cü il iyulun 31-də Kiyev şəhərində dəfn olunub. O, Ukraynanın "Luqansk hava limanının müdafiəsinə görə" nişanı və III dərəcəli “İgidliyə görə” ordeni ilə təltif olunub.

Ukraynada separatçılarla döyüşdə qəhrəmancasına həlak olan azərbaycanlılardan biri də kapitan rütbəli İlqar Bağırovdur.
1970-cil təvəllüdlü İlqar Bağırov Ukrayna Silahlı Qüvvələrinin xüsusi 11-ci batalyonunun kəşfiyyat üzrə komandir müavini idi.
2014-cü il sentyabrın sonlarında Luqansk vilayətinin Debaltsevo şəhərində gedən qızğın döyüşlər zamanı onun rəhbərlik etdiyi kəşfiyyat qrupu mühasirəyə düşmüş, qarşı tərəfi xeyli itkiyə uğratdıqdan sonra İlqar mühasirədən çıxmayacağını görüb, əl qumabarası ilə özünü partlatmışdı. Onun meyitinin qalıqları Ukrayna əsgərləri tərəfindən həmin ərazidən çıxarılaraq, ailəsinin yaşadığı İrpen şəhərinə aparılıb və orada dəfn olunub.
1970-ci ildə Bakıda anadan olmuş İ.Bağırov Xarkov Ali Hərbi Aviasiya məktəbini bitirmişdi. Ordu sıralarında "Balu” ləqəbi ilə tanınan İlqar Bağırov ölümündən sonra III dərəcəli "Cəsarət” ordeni ilə təltif edilib. Ukraynalı Tatyana Bağırova ilə evli olan şəhid kapitanın Yevgeniya adlı bir qızı yadigar qalıb.

Ukraynanın azərbaycanlı qəhrəmanlarından biri də Vladimir Məmmədliyevdir. O, Ukrayna Silahlı Qüvvələrinin ən peşəkar zabitlərindən biri idi.
Şəhid polkovnik-leytenantı Vladimir Məmmədəliyev 1977-ci il fevralın 14-də Ukraynanın Kirovoqrad vilayətinin Novoukrainka şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra Odessa Quru Qoşunları Məktəbində hərbi təhsil alıb.
2014-cü ildə Ukraynanın şərqindəki hərbi əməliyyatların ilk günlərindən Vladimir ön sıralarda olub. Polkovnik-leytenant Məmmədəliyev 93-cü Mexanikləşdirilmiş Briqada komandir kimi xidmət edib.
2014-cü il iyulun 4-də Donetskin Yasinuvata bölgəsindəki Novoselivka Perşa kəndi yaxınlığında nəzarət-buraxılış məntəqəsinə terrorçuların gecə saatlarında tank hücumu zamanı şəhid olub. Məmmədəliyevin mövqeyi birbaşa tank mərmisi ilə vurulub.
Terror hücumu nəticəsində polkovnik-leytenat Məmmədəliyev də daxil olmaqla 7 hərbçi həlak olub, 6 nəfər yaralanıb.
Vladimir Məmmədəliyev Novoukrainka şəhərində dəfn edilib. Evli idi, bir oğlu yadigar qalıb.
Vladimir Məmmədəliyev ölümündən sonra Ukrayna prezidentinin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb. O, “Ukrayna Silahlı Qüvvələrinin 15 illiyi” və “Vicdanlı xidmətə görə” medalları, eləcə də “Boqdan Xmelintski” ordeni ilə təltif edilib.
Novoukrainka şəhərində onun adına küçə var.


A.Qorxmaz

Mənbə: modern.az