Əfqanıstanda taliblər İŞİD qruplaşmasının bazasını məhv ediblər

Əfqanıstanda taliblər İŞİD qruplaşmasının bazasını məhv ediblər

Bakı, 30 noyabr, AZƏRTAC

“Taliban” hərəkatı Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində İŞİD qruplaşmasının bazasını məhv edib.

AZƏRTAC Əfqanıstan KİV-lərinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanının məlumatına əsasən, səhər saatlarında Zanqvay kəndində taliblərlə İŞİD silahlıları arasında baş verən toqquşmada yüngül və ağır silahlardan istifadə olunub.

Nanqarhar əyalətinin polis bölməsindəki mənbənin sözlərinə görə, döyüş nəticəsində biri qadın olmaqla üç İŞİD silahlısı öldürülüb, biri isə sağ olaraq ələ keçirilib.

Bir müddət öncə “Taliban” hərəkatı tərəfindən təyin olunan Əfqanıstan Silahlı Qüvvələrinin qərargah rəisi Qari Fasihuddin İŞİD qruplaşmasının ölkənin bəzi rayonlarında mövcud olan üzvlərinin sabitliyə təhdid yaratdığını bildirib.

Qeyd edək ki, “Taliban” hərəkatı avqust ayında ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda ölkənin bütün əyalətlərinə nəzarəti ələ keçirib. Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan taliblər müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə amerikalı hərbçilər Kabil hava limanını tərk edib və bununla da ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi mövcudluğuna son qoyub. Sentyabrın əvvəlində “Taliban” hərəkatının əvvəlki hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış Məhəmməd Həsən Axundun rəhbərliyi ilə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan olunub. Hələlik heç bir ölkə “Taliban” hökumətini tanımayıb.

Mənbə: azertag.az