Siyasi ekspert: Zəngəzur dəhlizi türk dövlətlərinin siyasi və iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı keçirildi. Toplantıda bir sıra önəmli məqamlara toxunan Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsini gündəmə gətirərək bu yolun bölgə üçün əhəmiyyətindən danışdı. Ümumiyyətlə, Zəngəzur dəhlizi türk dövlətlərinin siyasi, iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək. Ermənistan tərəfi bu prosesdə tərəddüd içərisində qalsa da, Azərbaycan Prezidentinin toplantıda həmin məsələyə toxunması aşkar mesaj idi. “Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər” deyən dövlətimizin başçısı bununla təşkilata üzv olan ölkələr arasındakı əməkdaşlığın genişləndirilməsi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə də çağırış etdi.

Dövlətimizin başçısı iştirak etdiyi mühüm beynəlxalq tədbirlərdə Azərbaycanın azad edilmiş ərazilərində Ermənistanın işğal dövründə törətdiyi vandallıqlardan da daim bəhs edir. XV Zirvə Toplantısında da Prezidentin Ermənistan işğalından, yalanlarından, vəhşiliklərindən bəhs etməsi Azərbaycana qarşı aparılan təxribatlara növbəti zərbə idi. Çünki daim ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan naxələf qonşularımız öz istəklərinə nail olmaq üçün “məsum və əzilən xalq” rolunu oynayır, Azərbaycana, dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin guya bizim tərəfimizdən onlara qarşı edildiyinə dair yalan məlumatlar yayırlar. Dövlətimizin başçısı isə hər zaman onların yalanlarını ifşa edərək Azərbaycana qarşı formalaşmış mənfi fikirləri dağıtmağa nail olur.

Digər mühüm məqam isə üçtərəfli əməkdaşlıq sənədinin imzalanması oldu. Azərbaycan-Türkmənistan-İran iqtisadi anlaşması tərəflər arasında əlaqələri daha da möhkəmləndirəcək. Həmin razılaşmaya əsasən, Türkmənistandan ildə 1,5-2 milyard kubmetr qaz İran ərazisindən Azərbaycana nəql olunacaq. Həmçinin Türkmənistan qazı Azərbaycandan Türkiyəyə, oradan isə Avropaya çıxmaq şansı əldə edə bilər. Hesab edirəm ki, gələcəkdə tərəflər arasında belə anlaşmaların sayı artacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elman Vəliyev söyləyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə İranın Prezidenti Seyid İbrahim Rəisi arasında görüş də xüsusilə diqqətçəkən oldu. Həmin görüş zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu diqqətə çatdırıldı. İran Prezidentinin “Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” deməsi çox mühüm amil oldu. Artıq hər kəs Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətindədir.

Bununla yanaşı, Azərbaycan və İran prezidentləri İran KİV-lərinin suallarını cavablandırdılar. Prezidentlərin ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasına və yüksələn xətlə inkişaf edəcəyinə dair açıqlamaları da son dövrlər yaşanan anlaşılmazlıqların həllini tapdığının göstəricisidir”, - deyə E.Vəliyev qeyd edib.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycan İƏT-ə daxil olduqdan bəri təşkilatın ən vacib üzvlərindən birinə çevrilib. Hələ 2002-ci ildə ulu öndər Heydər Əliyev təşkilatın Tədqiqat Mərkəzinin Bakıda açılması təklifini irəli sürmüşdü. Sonradan həmin təklif üzərində işlənildi, mərkəzin Nizamnaməsi imzalandı. Ümidvarıq ki, yaxın gələcəkdə ölkəmizdə təşkilatın mərkəzinin açılmasına şahidlik edəcəyik.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Namik Ələsgərovun komandasının növbəti sınağı

SONRAKI XƏBƏR

Erməni kartoqraf ekspert: “Rəsmi xəritələr Moskvadadır, nüsxəsini bizə verməyiblər”