Paşinyanı kim öldürmək istədi?

Paşinyanı kim öldürmək istədi?

“Sisakan” könüllü dəstəsinin komandiri Aşot Minasyan Baş nazirə sui-qəsd hazırlamaqda ittiham edilərək həbs edilib.

Cebhe.info-nun məlumatına görə, bu barədə terrorçunun vəkili Mihran Poqosyan açıqlama verib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyan müstəntiqin 15 noyabr 2020-ci il tarixli vəsatətini təmin edərək, bununla da etiraf edib ki, həbs üçün faktlar deyil, hakimiyyətin istəkləri vacibdir.

Qeyd edək ki, 2020-ci il noyabrın 14-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısının alındığını elan edib.

Müəyyən edilib ki, bir qrup vətəndaş Ermənistanda hakimiyyəti ələ keçirmək üçün qanunsuz olaraq silah, sursat və partlayıcı maddələr əldə edib və saxlayıb.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, dövlətin daxili və xarici siyasəti ilə razılaşmayan sui-qəsdçilər hökumət başçısını öldürməklə hakimiyyəti ələ keçirmək niyyətində olublar. Minasyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 35-300 (Hakimiyyəti qəsb etmə), 35-305 (Dövlət, siyasi və ya ictimai xadimin fəaliyyətinə xitam vermək məqsədilə qətlin hazırlanması) və 235-ci (Qanunsuz silahların, döyüş sursatlarının saxlanması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinərək həbs edilib.

Nikol Paşinyanın qətlinin hazırlanması işi çərçivəsində Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, Ermənistan Respublika Partiyasının keçmiş deputatı Vahram Baqdasaryan və “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının üzvü Aşot Avakyan saxlanılıb. Sonradan onların hamısı sərbəst buraxılıb.

Birinci instansiya məhkəməsi və Apellyasiya Məhkəməsi Minasyanın həbsinə heç bir əsas olmadığını bildirib. Buna sübut kimi onun qətlə cəhddə iştirakına əsaslı şübhənin olmadığı göstərilib. Lakin qərardan Baş Prokurorluq kassasiya şikayəti verib. Kassasiya məhkəməsi də öz növbəsində hesab edib ki, aşağı instansiyalar işin bir neçə əsas hallarını nəzərə almayıb. Ona görə də işi yeni baxılması üçün birinci instansiya məhkəməsinə göndərib.

Müşfiq Abdulla
 

Mənbə: cebhe.info