Sərhədlərin demarkasiyası: “İlin sonuna qədər öz həllini tapacaq”

Sərhədlərin demarkasiyası: “İlin sonuna qədər öz həllini tapacaq”

“Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın iclası keçiriləcək”.

Bu barədə Ermənistanın İctimai Radiosuna baş nazirin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.

Qeyd edək ki, Baş nazir müavinlərinin görüşü barədə razılıq noyabrın 26-da Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə olunub.

Görüşdə regionda dəmir yolu və avtomobil kommunikasiyalarının açılması, həmçinin, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi müzakirə olunması gözlənilir.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, artıq keçirilən üçtərəfli görüşlər qəbul olunmuş qərarların icrasına yönəlib:

“Yəni baş nazirlərin müavinləri qəbul olunmuş siyasi qərarların icraçılarıdırlar. Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı kommisiyanın yaradılması nəzərdə tutulub.

Həmçinin, kommunikasiya xətlərinin açılmasıyla bağlı olaraq baş nazirlərin müavinləri arasında görüşlər keçirilməlidir. Bu da öz növbəsində texniki xarakter daşıyır.

Düşünürəm ki, texniki işlər ilin sonuna qədər öz həllini tapacaqdır. Həmçinin, sərhədlərin müəyyənləşməsilə bağlı da bu ilin axırına kimi ilkin addımlar atılacaqdır. Prinsipcə bu məsələlər artıq başlayıb və detallar üzərində işləniləcək. Hər şey Azərbaycanın haqlı istəklərinə uyğun olaraq həyata keçəcəkdir”.

Partiya sədri qeyd edib ki, ermənilər hələ də dəhliz məsələsindən qaçmağa çalışırlar:

“Lakin 26 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında Soçidə keçirilən üçtərəfli görüşdə Vladimir Putin bir neçə də dəhliz kəliməsindən istifadə etdi. Ümumiyyətlə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamədə də manesiz gedi-gəliş olmasıyla bağlı müddəa var. Yəni gömrük və dövlət sərhəd xidməti olmadan sərbəst şəkildə gediş-gəliş olmalıdır. Bu isə təbii ki, dəhliz deməkdir.

Əlbəttə ki, ermənilər bundan sonra da prosesi ləngitməyə çalışırlar. Hətta onlar bunun dəhliz olmayacağını və açılacaq yolların tamamilə Ermənistanın investisiyasında olduğunu iddia edirlər.

Hesab edirəm ki, bunlar sadəcə olaraq, söz oyunudur. Çünki dəmir yolları heç onların əmlakı deyil. Nəzərə alaq ki, Ermənistan Rusiyaya olan borcunun əvəzinə dəmir yollarını ruslara verib. Həmçinin, yollara Rusiyanın sərhəd qoşunları nəzarət edəcək. Əlbəttə ki, Ermənistanın yollara nəzarət etməsi mümkün deyil. Fikrimcə, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.

Bununla yanaşı böyük güclərin də, bu dəhlizin açılmasında ciddi maraqları var. Rusiyanın özü də sanksiyalara məruz qaldığı üçün bu yollara çox böyük ehtiyacı var. Eyni zamanda, İran da bu məsələdə ciddi şəkildə iştirak etmək istəyir.

Hesab edirəm ki, nəzərdə tutulduğu kimi yaz aylarında Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana gediş-gəliş açılacaq və türk dünyası bundan istifadə edə biləcək”.

Elmir

Mənbə: cebhe.info