Dünyada miqrantların sayı 281 milyon nəfərə çatıb

Dünyada miqrantların sayı 281 milyon nəfərə çatıb

Dünyada miqrantların sayı 1970-ci ildən 2020-ci ilə qədər 84 milyon nəfər artaraq 281 milyona çatıb.

“Report” xəbər verir ki, bu məlumatlar Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Cenevrədə dərc olunmuş hesabatında yer alıb.

Hazırkı qlobal hesablamalara görə, 2020-ci ildə dünyada təxminən 281 milyon miqrant var ki, bu da dünya əhalisinin 3,6%-ni təşkil edir. Yeni növ koronavirus infeksiyası da miqrasiyaya az təsir göstərib. Qeyd olunub ki, əgər pandemiya olmasaydı, dünyada 2 milyona yaxın daha çox miqrant olacaqdı.

Hesabatda son iyirmi ildə dünyada beynəlxalq pul köçürmələrinin artımına diqqət çəkilib. Belə ki, 2000-ci ildə bu rəqəm 126 milyard ABŞ dolları olduğu halda, 2020-ci ildə 702 milyard ABŞ dollar təşkil edib.

Hesabat müəllifləri qeyd edir ki, yüksək gəlirli ölkələr demək olar ki, həmişə pul köçürmələrinin əsas mənbəyidir. 2020-ci ildə bu baxımdan birinci yeri ABŞ tutur, buradan bir ildə 68 milyard ABŞ dolları digər ölkələrə transfer edilir. Ondan sonra BƏƏ (43 milyard dollar), Səudiyyə Ərəbistanı (34,6 milyard dollar), İsveçrə (28 milyard dollar) və Almaniya (22 milyard dollar) gəlir.

Daha çox pul göndərilən ölkələr arasında 2020-ci ildə Hindistan birinci yerdədir (83,2 milyard dollar). Ondan sonra Çin (59,5 milyard dollar), Meksika (42,9 milyard dollar), Filippin (34,9 milyard dollar) və Misir (29,6 milyard dollar) gəlir.

Mənbə: report.az