Qərbdən Şərqə gedən ox: Rusiya 300 milyonluq türk dövlətinə niyə psixoloji TƏZYİQ EDİR? - Generaldan MÜHÜM AÇIQLAMA

Ötən gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Türk Dövlətləri Təşkilatı”nın hərbi əməkdaşlıq məsələləri müzakirə mövzudursa, bunun Türkiyənin və Türk Dövlətləri Təşkilatındakı müttəfiqlərin maraqlarına uyğun olduğunu düşünmürəm”,- deyə açıqlama verməsi Rusiyanın “Turan dövlətləri”nin bir təşkilat olaraq qurulmasından ciddi narahatlıq keçirdiyi hissini yaratdı.

Bəs Rusiyanın “Turan birliyi”nin qurulmasından narahat olmağa səbəb olacaq əsas varmı?

Mövzuya münasibət bildirən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz Metbuat.az-a bildirdi ki, Rusiyanın narahatlığı yersizdir. Çünki “Türk Dövlətləri Təşkilatı” hərbi müdafiə təhlükəsizliyi paktı deyil.

“Hazırda “Türk Dövlətləri Təşkilatı”nın hərbi müdafiə təhlükəsizliyi paktı olmasına ehtiyac yoxdur. Təşkilatın regionda ikili münasibətlər və qarşılıqlı əlaqə baxımından olduğu səviyyə olduqca yüksəkdir. Hər sahədə əməkdaşlıq sürətlə inkişaf edir. Əlbəttə bu münasibətlərin hərbi müdafiə sahəsində də inkişaf etdirilməsi arzuolunan olsa da indi buna ehtiyac duyulacaq xüsus yoxdur. Ona görə də Rusiyanın əssasız narahatlığına gərək yoxdur. Psixoloji baxımdan “Turan ordusu” yaradılır deyə açıqlamalar bu təşkilatın nüfuzuna zərbə vurmaq, nəzərlərdə kiçiltmək, bir sözlə, təzyiq etmək məqsədi daşıyır. “Türk Dövlətləri Təşkilatı”nın fəaliyyət və istiqamətlərinin genişlənməsi Rusiya və bəzi dövlətlər həmçinin, İranın kəskin reaksiyasına səbəb olsa da, hazırda “Turan ordusu”nun “Türk Dövlətləri Təşkilatı”na hakim olmasına ehtiyac yoxdur”.

Yücel Karauz qeyd etdi ki, “Türk Dövlətləri Təşkilatı”nın siyasi əlaqələrlə yanaşı, bir-birinə bağlayan iqtisadi əlaqələr də mövcuddur. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və ya əsaslı təmir edilir. General xüsusilə vurğuladı ki, yeni nəqliyyat infrastrukturunun yaradılması ilə Türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə də birləşəcəkdir. Bu istiqamətdə Azərbaycanda görülmüş nəhəng işlər xüsusilə vurğulanmalıdır. Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının VIII Zirvə Görüşündə qəbul edilmiş 121 maddədən ibarət İstanbul Bəyannaməsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması dəstəklənir.

 

“Ötən əsrin 90-cı illərindən başlayaraq türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır. Türkdilli dövlətlərin başçılarının Zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması məhz bu zərurətdən irəli gəlmişdir. Lavrovun danışarkən dediyi fikirlər “Böyük Turan” ideyasının perspektivlərini yox, bugünkü reallıqlarını əks etdirir. Onun dediyi mədəni, dil və təhsil əlaqələri çoxdan var”.

General qeyd etdi ki, “Böyük Turan ideyası”nın bugünkü hədəfi Türk dövlətlərinin iqtisadi birliyinə nail olmaqdır. Amma Rusiyanın 300 milyonluq Türk dövlətləri təşkilatına edilən psixoloji təzyiqlə mübarizə aparmaq da lazımdır.

 

“Bu səbəbdən təşkilatın fəaliyyətini də dünyada mövcud dəyərlərə uyğun bir şəkildə qurub icra etmək lazımdır. Ona görə də, dünyada baş verən hadisələri, regionda olan siyasi vəziyyəti də düzgün qiymətləndirmək önəmlidir. Bu məqsədlə təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Qafqazda, bütövlükdə isə regionda yeni reallıqlar yarandı. Bu reallıqların moderatoru isə “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyədir. Azərbaycanın yerləşdiyi unikal coğrafi mövqe və Azərbaycan Prezidentinin apardığı müdrik xarici siyasət ABŞ, Rusiya kimi fövqəlgüclərlə yanaşı, aparıcı Avropa dövlətlərinin də Azərbaycana marağını günbəgün artırır. Xüsusilə qeyd etmək istəyirəm ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü əsnasında Qarabağ zəfəri münasibəti ilə Azərbaycan Prezidenti Cənab İlham Əliyevə orden təqdim olundu. Zirvə görüşündə qeyd olundu ki, Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir”.

Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirdiyini xüsusilə vurğulayan Yücel Karauz qeyd etdi ki, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün zəfərin müjdəçisi olmuşdur. Qeyd olunan bütün faktlar “Türk Dövlətləri Təşkilatı”nın artıq təkcə mədəni deyil, həm təşkilat tərkibində olan dövlətlərin, həm də dünyada baş verən siyasi, iqtisadi hadisələrə reaksiyası və sülhün bərqərar olunmasında göstərdiyi xidmətlərə qatqısıdır”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Pentaqon rəhbərindən “sərhəddə temperaturu aşağı salın” çağırışı DÖVLƏT KATİBİ DƏ XƏBƏRDARLIQ ETDİ: “ƏVVƏL ÇƏKİNDİYİMİZ ADDIMLARI ATACAĞIQ...”

SONRAKI XƏBƏR

Azərbaycanda 97 şəxs minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib