Pentaqon rəhbərindən “sərhəddə temperaturu aşağı salın” çağırışı DÖVLƏT KATİBİ DƏ XƏBƏRDARLIQ ETDİ: “ƏVVƏL ÇƏKİNDİYİMİZ ADDIMLARI ATACAĞIQ...”

ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Kremli Ukraynaya hərbi müdaxilədən çəkinməyə çağırıb. Bəyan edib ki, əks halda ABŞ Rusiyaya qarşı “əvvəllər çəkindiyi addımları atacaq”.

virtualaz.org xəbər verir ki, ötən gün dekabrın 1-də Romada NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısının yekunu olaraq jurnalistlərə açıqlamasında bu haqda danışıb, Rusiyanın Ukraynanı “daxildən və xaricdən” sarsıtmaq cəhdlərindən dərin narahatlıq keçirir.

“Rusiya Ukraynaya münasibətdə əhəmiyyətli ölçülərdə aqressiv addımların planlarını hazırlayıb. Bu planlara həm genişmiqyaslı hərbi müdaxilə, həm ölkədə vəziyyəti daxildən gərginləşdirmək və qeyri-stabillik yaratmaqdır”,-Entoni Blinken belə deyib. Dövlət katibi əlavə edib ki, ABŞ Rusiyanı belə addımlardan çəkinməyə çağırır. O, ABŞ-ın Ukraynanı dəstəklədiyini, “aqressiv addımlara reaksiya verdiyini” deyib. Blinken ABŞ-ın cavabının iqtisadi sferada “fövqəladə təsir gücünə malik bir sıra addımlardan ibarət olacağını” bildirib. Hansı ki, Vaşinqton əvvəllər bu addımları atmaqdan çəkinirdi.

ABŞ dövlət katibi onu da deyib ki, NATO da baş verənlərə laqeyd qalmayacaq, özünün şərq hüdudlarında hərbi iştirakını gücləndirəcək. Blinken bu gün dekabrın 2-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiya xarici işlər naziri Sergey Lavrovla yaranmış təhlükəli situasiya ilə bağlı telefon danışıqları aparacağını da bildirib.

Blinkenin ardınca Pentaqon rəhbəri Lloyd Ostin də Rusiyanı “Ukrayna sərhədləri boyu temperaturu aşağı salmağa” çağırıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhəd boyu əhəmiyyətli sayda hərbi qüvvə cəmləşdirib və Qərb bundan ciddi narahatdır. Ostin əlavə edib ki, ABŞ yaranmış situasiyanın nizamlanması üçün “ən yaxşı metodları” işə salmaqda davam edəcək.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozef Borrel isə bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı istənilən hərbi təcavüzü Brüsselin güclü reaksiyası ilə qarşılaşacaq. Borrel bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyi Avropa İttifaqı üçün prioritetdir. Onun sözlərinə görə, Rusiya Ukraynada həm daxili qeyri-stabillik yaratmaq, həm xaricdən hərbi müdaxiləyə məruz qoymaq cəhdləri göstərir.

Ukraynanı daxildən sarsıtmaq planları barədə danışarkən Qərb siyasətçiləri Kiyevdə Rusiyaya bağlı qüvvələr tərəfindən dekabrın 1-də dövlət çevrilişi planlaşdırıldığı haqda daha əvvəl yayılmış xəbərdarlıqları nəzərdə tuturdular. Hərçənd həmin tarixdə dövlət çevrilişi baş verməyib, amma Kiyevin mərkəzi meydanında prezident Zelenskinin istefası tələbi ilə etiraz hərəkatı başlayıb. Aksiya dinc keçib və heç bir toqquşma qeydə alınmayıb. Analitiklərə görə, Ukrayna daxilində qeyri-stabillik yaratmaq Rusiyanın hibrid müharibə taktikasının elementlərindən biridir və bu element sərhəd boyu iri qoşun qruplaşmalarının cəmləşdirilməsinə paralel olaraq tətbiq edilir.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Əlilliyi olan şəxslərin kompüterdən istifadəsi asanlaşır

SONRAKI XƏBƏR

Qərbdən Şərqə gedən ox: Rusiya 300 milyonluq türk dövlətinə niyə psixoloji TƏZYİQ EDİR? - Generaldan MÜHÜM AÇIQLAMA