“Rusiya Şərqi Ukraynanı ilhaq edib, “Yeni Rusiya” dövlətini yarada bilər”

Ukrayna-Rusiya arasında müharibə ehtimalları Qara və Xəzər dənizləri regionlarına necə təsir edə bilər?..

Turan Rzayev: “Son günlər Ukrayna və Rusiya arasında gərginlik daha da artıb. Xüsusilə Ukraynanın Türkiyə ilə əməkdaşlığı, Türkiyədən ən müasir dronları alması, hərbi müqavilələrin imzalanması Ukraynanı cəsarətləndirib”.

“Təəsüf ki, biz Rusiyanın yaratdığı bütün münaqişlərin bu cür rahat bitəcəyini deyə bilmərik. Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən amil o idi ki, burada konkret separatçı ünsürləri yaradan və dəstəkləyən əsas qüvvə Ermənistan idi”.

Bu sözləri politoloq Turan Rzayev Ukrayna və Rusiya arasında olan gərginliyin son durumunu PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Ukrayna-Rusiya arasında olan münasibətlər kifayət qədər gərgindir. NATO-nun qəti şəkildə məsələlərə müdaxilə etməsi və yaxud açıq şəkildə Ukraynanı bütün istiqamətlər üzrə dəstəkləməsi müharibə ehtimallarını artırır.

Bəs Ukrayna-Rusiya arasında müharibə ehtimalları Qara və Xəzər dənizləri regionlarına necə təsir edə bilər? Həmçinin güc mərkəzləri burada öz maraqları naminə hərəkət edə və nəticədə Suriya ssenarisi təkrarlana bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İndiki halda Ukraynanın öz torpaqlarını geri almaq üçün anti-terror əməliyyatlarına başlması, təbbi ki, Ukrayna və Rusiya arasındakı müharibəni başlada bilər. Amma bu müharibənin başlanması Ukrayna üçün heç də yaxşı bir şey vəd etmir”.

Əgər Ukrayna müharibəyə başlasa, ona real dəstək verə biləcək ölkənim ABŞ olacağını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, ABŞ-ın Rusiya ilə müharibəyə girməsi də real deyil və Vaşinqton Kiyevə ancaq silah yardımı edə bilər. Ümumiyyətlə hazırda Rusiya ilə birbaşa münaqişəyə girmək nə Qərbin, nə də ABŞ-ın maraqlarına uyğun deyil:

“Əvvəla qeyd edim ki, bundan öncə də NATO və ABŞ Ukraynanı dəstəkləyirdi. Son günlər də Ukrayna və Rusiya arasında gərginlik daha da artıb. Xüsusilə Ukraynanın Türkiyə ilə əməkdaşlığı, Türkiyədən ən müasir PUA-ları alması, hərbi müqavilələrin imzalanması Ukraynanı cəsarətləndirib. Bununla paralel olaraq ABŞ-ın Yunanıstana kifayət qədər hərbi texnika və canlı qüvvə yığması, canlı qüvvənin bir qisminin yaxın aylar ərzində Bolqarıstan və Rumıniyaya yerləşdirilməsi faktları da Kiyevi cəsarətləndirən amillərdəndir.

İndiki halda Ukraynanın öz torpaqlarını geri almaq üçün anti-terror əməliyyatlarına başlması, təbbi ki, Ukrayna və Rusiya arasındakı müharibəni başlada bilər. Amma bu müharibənin başlanması Ukrayna üçün heç də yaxşı bir şey vəd etmir. Məsələ ondadır ki, Ukrayna Azərbaycanın Qarabağı müharibə yolu ilə geri qaytarmasından cəsarətlənir. Ukrayna düşünür ki, bu gün dünyada gedən geosiyasi siyasi proseslərin içində münaqişə bu cür həll edilməlidir. Təəsüf ki, biz Rusiyanın yaratdığı bütün münaqişlərin bu cür rahat bitəcəyini deyə bilmərik. Qarabağ münaqişəsini digər münaqişələrdən fərqləndirən amil o idi ki, burada konkret separatçı ünsürləri yaradan və dəstəkləyən əsas qüvvə Ermənistan idi.

Turan Rzayev: “Əgər Rusiya Ukraynanı itirəcəksə, bunu Ukrayna ərazisində meydana gələn yeni dövlət bahasına itirməlidir. Yəni Rusiya ilə Qərb arasında yeni tampon bölgə olmalıdır”.

Ukraynada isə proses belə deyil. Ukraynada birbaşa Rusiya amili var. Yəni Ukrayna torpaqları birbaşa Rusiya tərəfindən işğal olunub. Kiyevin Rusiya ilə başabaş müharibə aparması isə mümkün deyil. Digər tərəfdən isə Azərbaycan Qarabağ münaqişəsini həll etmək üçün yaxşı siyasi məqam seçmişdi, yəni zamanlama doğru idi. O vaxt ABŞ-da seçkilər, Fransada da mitinqlər keçirilirdi. Buna görə də Ermənistana birbaşa dəstək verən olmadı. Ukraynada isə hazırda tərəflər arasında güc nümayişi var.

Əgər Ukrayna müharibəyə başlasa, ona real dəstək verə biləcək ölkə ABŞ ola bilər. Amma ABŞ-ın Rusiya ilə müharibəyə girməsi də real deyil. Ümumiyyətlə hazırda Rusiya ilə birbaşa münaqişəyə girmək nə Qərbin, nə də ABŞ-ın maraqlarına uyğun deyil. Belə bir müharibə bütün tərəflər üçün fəlakətlə nəticələnə bilər.

İndiki halda Rusiya və Ukrayna arasında müharibə olsa, təəsüf ki, bu Ukraynanın əleyhinə olacaq. Düşünürəm ki, Rusiya nəiinki Krım, hətta Krım xətti ilə Donetsk xəttinə qədər ərazini, yəni Şərqi Ukraynanı da ilhaq edib, burada “Yeni Rusiya” dövlətini yarada bilər. Bu Kremlin köhnə planıdır. Əgər Rusiya Ukraynanı itirəcəksə, bunu Ukrayna ərazisində meydana gələn yeni dövlət bahasına itirməlidir. Yəni Rusiya ilə Qərb arasında yeni tampon bölgə olmalıdır.

Turan Rzayev: “Qara dənizdə biz kifayət qədər gərginliyi müşahidə edə bilərik. Çünki Qara dənizdə ABŞ-ın Rusiya əleyhinə yaratdığı bir blok var”.

Ukrayna və Rusiya arasındakı müharibənin Qara dənizə və Qafqaza təsirləri sual altındadır. Çünki bu real səslənmir. Qafqazdan Ukrayna və Rusiya arasında olan real müharibəyə heç kəs girməyəcək. Ən yaxşı halda KTMT üzvü olaraq Ermənistan prosesə cəlb edilə bilər. Amma indiki durumu ilə Ermənistanın Donbasa hərbiçi yollamaq imkanı da yoxdur.

Amma belə bir variant da var. Əgər Türkiyə Ukraynaya dəstək versə, bu Rusiya və Türkiyə arasında gərginliyə səbəb ola bilər. Amma düşünmürəm ki, bunun Qafqaza təsiri olsun. Qara dənizdə isə biz kifayət qədər gərginliyi müşahidə edə bilərik. Çünki Qara dənizdə ABŞ-ın Rusiya əleyhinə yaratdığı bir blok var. Burada Gürcüstan, Moldova, Rumıniya, Bolqarıstan, Yunanıstan var. Ümumilikdə isə NATO var. Bu qüvvələr Rusiyaya qarşı kifayət qədər problem yarada bilər. Amma bir daha qeyd edim ki, ABŞ-ın məsələyə birbaşa müdaxiləsi real deyil və hesab edirəm ki, Qara dənizdə NATO-Rusiya qarşıdurması əzələ nümayişindən uzağa getməyəcək”.

Nərminə UMUDLU
pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Emin Əmrullayev: "Ali məktəblərdə yeni ixtisaslar olmalıdır"

SONRAKI XƏBƏR

Dünyaca məşhur səhifə pitidən yazdı - VİDEO