Ceymstaun Fondunun saytında Soçi görüşü ilə bağlı məqalə yerləşdirilib

Vyana, 2 dekabr, AZƏRTAC

ABŞ-ın Ceymstaun Fondunun nəzdində fəaliyyət göstərən “Eurasia Daily Monitor” saytında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin böyük məsləhətçisi Vasif Hüseynovun “Soçi görüşündə Ermənistan, Azərbaycan və Rusiya müharibədən sonrakı regional vəziyyətlə bağlı mühüm razılaşmalar əldə ediblər” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə noyabrın 26-da Ermənistan və Azərbaycan liderlərinin görüşünün İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sayca ikinci görüşü olduğu bildirilib. Görüş Rusiya hökumətinin təşəbbüsü ilə liderlərin bu il yanvarın 11-də Moskvada keçirilən son üçtərəfli görüşünə bənzər şəkildə baş tutub. Görüş əvvəlcə 44 günlük müharibənin başa çatdığı 9 noyabr tarixinə təyin edilsə də, sonradan görüşün vaxtı Ermənistanın baş naziri Nikol Paşinyanın xahişi ilə dəyişdirilib. O, daha gec tarixi təklif etməsini 9 noyabr tarixinin ermənilər üçün “acı və ağır” gün olması ilə izah edib.

Məqalədə qeyd edilib ki, iclasın təxirə salınmasından sonra hər iki ölkənin dövlət sərhəddində gərginlik artıb və bu, ötən il müharibənin sonundan bəri ən ağır toqquşmalara gətirib çıxarıb. Soçi görüşü bu gərginliklər fonunda baş tutsa da, regionda gələcək sülh və əməkdaşlıq perspektivi üçün ümidverici nəticələr verib. Məqalədə Azərbaycanın xoş niyyət ifadə edən addımlarına da toxunulub və bildirilib ki, noyabrın 26-da, görüşə saatlar qalmış Azərbaycan tərəfi iki erməni əsilli şəxsi qarşı tərəfə təhvil verilib. Bundan əvvəl, noyabrın 15-də Azərbaycanın Baş naziri Əli Əsədov bildirib ki, 2020-ci il dekabrın 22-dən İrəvan və Bakı ümumilikdə 122 əsgər mübadiləsi aparıblar. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qayıdıb.

Soçidə görüşdən sonra keçirilən mətbuat konfransında iştirakçı liderlər humanitar məsələlərin müzakirə edildiyini bildiriblər. Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bu məsələdə əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib.

Ekspertin fikrincə görünən odur ki, tərəflər digər mübahisəli məsələlər, o cümlədən regional nəqliyyat əlaqələrinin açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə də razılıq əldə ediblər. Üçtərəfli bəyanata görə, Ermənistan və Azərbaycan əsasən qarşılıqlı beynəlxalq sərhədlərini tanıyıb, delimitasiya və demarkasiya prosesinin başlanması üçün tədbirlər görməyə razılaşıblar. V.Putin mətbuat konfransında bildirib ki, tərəflər bu ilin sonuna qədər bu prosesi həyata keçirmək üçün mexanizm yaratmağa vəd veriblər - bu, birgə bəyanatda nəzərdə tutulduğu kimi Rusiyanın iştirakı ilə beynəlxalq komissiyanın yaradılmasını da əhatə edə bilər.

Soçi görüşünün birgə bəyanatında Prezident İlham Əliyev, baş nazir Nikol Paşinyan və Prezident Vladimir Putinin qəbul etdikləri qərarlarla bağlı çox da təfərrüatlara varılmır. Bu, xüsusilə regional nəqliyyat dəhlizlərinin açılması ilə bağlı vədlərə aiddir. V.Putin sadəcə olaraq bildirib ki, baş nazir müavinlərinin yaxın müddətdə Moskvada bəzi nəticələri ümumiləşdirəcək və noyabrın 26-da razılaşdırılımış qərarları açıqlayacaqlar. Bu ilin 11 yanvarında yaradılmış işçi qrupa regional dəmir yolu və avtomobil yolu layihələri ilə bağlı öz hökumətlərinə fəaliyyət planlarını (o cümlədən icra qrafiklərini) təqdim etmək tapşırılıb. Beləliklə, o vaxtdan bəri bir sıra görüşlər keçirən baş nazirin müavinləri tezliklə öz işlərinin nəticələrini açıqlaya bilərlər.

Ekspert məqalədə qeyd edib ki, Soçidə verilən üçtərəfli bəyanatda və ondan sonrakı mətbuat konfransında müharibədən sonrakı gündəliyin digər iki mübahisəli məsələsinə toxunulmayıb. Birincisi, tərəflərdən heç biri Qarabağın yekun statusu məsələsini qaldırmayıb. Ümumiyyətlə, indi belə görünür ki, hətta Ermənistan tərəfi də İrəvanın bu məsələni əvvəllər olduğu kimi qaldırmasının artıq mümkün və ağlabatan olmadığını başa düşür. Baş nazir Paşinyanın məsələni ərazi mübahisəsi deyil, “hüquq məsələsi” kimi səciyyələndirib.

Soçi görüşünün tərəfləri, həmçinin 1994-cü ildən Ermənistan-Azərbaycan sülh danışıqlarının əlaqələndirilməsi üzrə vəzifə daşıyan beynəlxalq missiyanın - ATƏT-in Minsk qrupunun adını çəkmədilər. Paşinyanın qapalı danışıqlara başlamazdan əvvəl üç liderin birgə görüşü zamanı qrupun roluna qısaca toxunmasına baxmayaraq, görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud kontekstində Minsk qrupunun kifayət qədər məhdud gündəliyi var və bununla da Soçi görüşü Rusiyanın müharibədən sonrakı sülh prosesində əsas və mübahisəsiz vasitəçilik mövqeyini bir daha təsdiqlədi.

Müəllif yekunda bir diqqətçəkən məqamı qeyd edir ki, Ermənistan və Azərbaycan liderlərinin dekabrın 15-də Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Şərq Tərəfdaşlığı sammiti çərçivəsində təşkil olunması planlaşdırılan görüşündən də mühüm qərarlar və sənədlər gözlənilmir. Gedişat göstərir ki, Moskva hələlik Azərbaycan-Ermənistan münaqişəsinin həlli prosesində aparıcı rolu özündə saxlayır.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Zaqatalada narkokuryerə hökm oxundu

SONRAKI XƏBƏR

"Neftçi"nin sabiq baş məşqçisi Azərbaycanın iki yığmasına rəhbərlik edəcək