Paşinyan Əliyevlə təkbətək görüşdən niyə qaçır? - AÇIQLAMA

Paşinyan Əliyevlə təkbətək görüşdən niyə qaçır?  - AÇIQLAMA

26 noyabrda Azərbaycan-Ermənistan-Rusiya liderləri tərəfindən baş tutan üçtərəfli Soçi görüşündən sonra, artıq iki ölkə arasında birbaşa təmaslar yaranmağa başlayıb. Belə ki, Soçi görüşündən sonra, ötən gün üç ölkənin Baş nazirlərinin müavinlərinin Moskvada görüşü baş tutdu. Bu gün isə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, erməni həmkarı Ararat Mirzoyanla İsveçin paytaxtı Stokholmda keçiriləcək ATƏT-in Nazirlər Şurasının 28-ci sessiyasında görüşəcək.

Bəzi analitiklər hesab edirlər ki, vasitəçilər, yəni Rusiya və Avropa danışıqlar prosesində aradan çıxsa, tərəflər arasında tezliklə sülh yaratmaq mümkündür. Ehtimal olunur ki, vasitəçilərin öz maraqlarına görə, problem həll olunmur. Bu doğrudurmu?

Üzbəüz görüşlər danışıqlar prosesində hansısa keyfiyyət dəyişikliyinə səbəb ola bilər?

İki ölkə rəsmiləri bir araya gəlməklə həll prosesində müşkülə çevirilən məsələləri həll edə bilərlərmi?

Yenisabah.az-la fikirlərini bölüşən Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri Qabil Hüseynli bildirib ki, vasitəçisiz görüşün olacağını zənn etmir:

“İndiki məqamda, xüsusilə Ermənistan cəmiyyətinin radikal fikirlərin təsiri altında olduğu bir vəziyyətdə Baş nazir Paşinyanın belə bir addım atacağını gözləmirəm.

Azərbaycan Prezidenti bu məsələdə ikili müdaxilə, vasitəçi olmadan görüşməyə razılıq verə bilər, amma Paşinyan bu saat cəmiyyətinin, millətinin də bir hissəsinin, xüsusilə də “Qarabağ klanı”nın təzyiqi altındadır. Ona görə də, məhz vasitəçiliyə daha çox səy göstərir”.

Q. Hüseynli onu da vurğulayıb ki, açıq etiraf etmək lazımdır ki, bütün hallarda vasitəçilər həmişə çömçəni Ermənistan tərəfə fırlamağa çalışırlar:

“Xüsusilə AB-nin təşəbbüsü ilə 15 dekabrda Brüsseldə baş tutacaq görüş, tamamilə xristian təəssübkeşliyinin, ikili standartların meydan suladığı bir atmosferdə baş tutacaq. Ona görə də, hələ ki, münasibətlərin kövrək olduğu indiki vaxtda vasitəçisiz iş görmək mümkün deyil. Xüsusən də Azərbaycan və Türkiyənin təklif etdiyi “3+3” formatını da hələ nizama salmaq mümkün olmayıb. Beləliklə, mənim zənnimcə, vasitəçiləri tam neytrallaşdırmaq üçün ən ideal variant “3+3” variantı ola bilər”.

“Vasitəçilərin geostrateji maraqlarının olduğunu hər zaman düşünmək lazımdır. Bu bəzi məqamlarda, hətta gözə çarpıb və gözlə görünən olub. Amma nə edəsən? Bu dünya nizamıdır, dünyanın oyun qaydalarıdır və vasitəçilərin dövriyyəyə daxil olması bir zərurət kimi, hələ ki, praktikada mövcud olmaqdadır. Amma mənim zənnimcə, Azərbaycan Rusiyanın vasitəçiliyi ilə bu məsələlərin çözülməsində nail ola bilər”, - deyə politoloq fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Mənbə: yenisabah.az