Sərhəd məsələsində Avropa da Ermənistanı məyus etdi

Sərhəd məsələsində Avropa da Ermənistanı məyus etdi

"Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həlli yollarının axtarışı Rusiyanın diqqət mərkəzindədir. Rusiya bu cür böhranların həllinə konkret töhfə verir". Belə bir açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

Lavrov onu da qeyd edib ki, Moskva Qarabağda qan tökülməsinin dayandırılmasında və Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həllinin tapılmasında əsas rol oynayır. Bu fonda onu da bildirək ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsində oynadığı rol İrəvanda ciddi tənqid obyektidir. Elə bu səbəbdən Ermənistan məsələyə Qərbin, xüsusən də Avropa İttifaqının müdaxilə etməsini istəyir. Amma Avropa Parlamentində ATƏT-in nazirlər konfransı çərçivəsində keçirilən müzakirələr erməni tərəfinin ümidlərinin əbəs olduğunu göstərir. Məsələ ilə bağlı “Azatutyun” radiosu yazır ki, müzakirələrdə Avropa Komissiyasının “Şərq Tərəfdaşlığı” məsələlərinə baxan nümayəndəsi Lourens Meredit Cənubi Qafqazda Şərq Tərəfdaşlığının iki üzvü – Azərbaycan və Ermənistan arasında 10 noyabr 2020-ci il razılaşmasından sonra yaranmış vəziyyət barədə məlumat verib: “Vəziyyət gərgin olaraq qalır. Bir neçə həftə bundan əvvəl mən qonşuluq məsələləri üzrə komissar Oliver Varheylə üç Qafqaz ölkəsinin xarici işlər nazirlərinin görüşündə iştirak etmişdim. Bu elə Ermənistan və Azərbaycan arasında faciəli toqquşmaların baş verdiyi vaxt və ya bundan bir qədər əvvəl idi. Mən öz tərəfimizdən qəti şəkildə vurğulamaq istəyirəm ki, Avropa Komissiyası Qafqazın bütün ölkələrinin naminə möhkəm sülhün bərqərar edilməsi üçün mümkün olan hər şeyi etməyə son dərəcə hazırdır”. Daha sonra Meredit bölgəyə 17 milyard avro ayrıldığını, xüsusilə də münaqişədən ziyan çəkmiş bölgələrə investisiyalar yatırılmasının müzakirə olunduğunu bildirib. Avropa İttifaqı Xarici Fəaliyyət Departamenti başçısının “Şərq Tərəfdaşlığı” və Rusiya üzrə müavini Lyuk Devin isə bildirib: “Brüssel regionda sabitlik və təhlükəsizliyə dəstək verməyə tam hazırdır. Amma bizim imkanlarımız məhduddur. Aydındır ki, vəziyyətə nəzarət əhəmiyyətli dərəcədə hərbçilərin, hərbi gücü olanların, indiki halda yalnız Rusiyanın əlindədir”. “Azatutyun” yazır ki, belə diplomatik izahat Avropa Parlamentində heç də hamını qane etməyib. Bir saatadək davam edən müzakirələr zamanı müxtəlif siyasi partiyaların və ölkələrin nümayəndələri eyni sualı verirdilər: Brüssel toqquşmaların qarışısını almaq, təşəbbüsü öz əlinə almaq üçün mümkün olan hər şeyi edibmi?

Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri, Estoniya nümayəndəsi Marina Kalyurand bildirib: “Mən razılaşıram ki, güc əlində silah olanlarda, qoşunu olanlardadır. Amma bu, Avropa İttifaqının daha fəal iştirakının olmamasına haqq qazandıra bilməz. Əldə olunmuş razılaşmalar, əsirlərin mübadiləsi, atəşkəs sazişinin imzalanması – bütün bunlar Rusiyanın vasitəçiliyi ilə həyata keçirilib. Mən yeni meyl görürəm. Azərbaycan gündəliyə Dağlıq Qarabağ məsələsinin salınmasından imtina edir. Onlar deyirlər ki, bu, Ermənistan və Azərbaycan arasında olan münaqişədir. Kommunikasiyaların açılmasına gəlincə isə, burada müsbət dəyişikliklər var. Mən “dəhliz” sözünü işlətmək istəmirəm, amma bu ərazi ciddi gərginlik yaradır. Ermənistan keçmişdə, sovet illərində istifadə olunmuş yollara qayıtmaq istədiyi halda, Azərbaycan yeni yollar istəyir. Mənim bu məqamda bir sualım var: Avropa İttifaqı nə edə bilər? Öz siyasətini necə təkmilləşdirə bilər?”. Bu sualın cavabında Lyuk Devin deyib ki, Avropa İttifaqı imkanında olan hər şeydən istifadə edir. Diplomat bu istiqamətdə kifayət qədər iş görülmədiyinə dair tənqidləri rədd edib: “Hərbi gücünün olmadığı bir şəraitdə Avropa İttifaqı bundan artıq nə edə bilər ki? Yeri gəlmişkən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən təkcə Fransa deyil, ABŞ-ın da orada qoşunları yoxdur. Ötən il olduğu kimi silahlar danışanda, diplomatlar üçün bunun qarşısını almaq və ya dayandırmaq çox çətin olur”.

“Azatutyun” bu fonda qeyd edir ki, Avropa rəsmisi Ermənistanın bu “dəhliz”dən olan narahatlığı məsələsinə toxunmayıb: “Avropa diplomatı əsirlərin qaytarılmasına və iqtisadi bərpaya Brüsselin daha çox dəstək verə biləcəyinə dair nə isə vəd edən reaksiya verməyib. Lyuk Devin bu xüsusda bildirib: “Biz bir yandan tərəfləri minalardan təmizləmə üçün xəritələri təqdim etməyə, digər yandan əsirləri və saxlananları azad etməyə çağırır, etimadın möhkəmləndirilməsinin vacib olduğuna inandırmağa çalışırıq. Amma hər iki tərəf razılaşmır. Erməni tərəfi deyir ki, artıq bütün xəritələri verib, Azərbaycan isə bəyan edir ki, bu tələb adekvat deyil, çünki saxlananlar hərbi əsir deyillər. Odur ki, bu mürəkkəb məsələdir. Biz iqtisadi sağlamlaşdırma üçün daha çox iş görə bilərik. Amma bunun üçün sülh olmalıdır. Növbəti toqquşmaların və ya partlayışın nə vaxt olacağı bilinməyən regiona özəl sektordan kim investisitya yatırar?”. Avropa diplomatı “Şərq Tərəfdaşlığı”nın iki üzvü arasında davam edən münaqişənin həyəcan yaratdığını etiraf etsə də, bildirib ki, “Şərq Tərəfdaşlığı” sülhün bərqərar edilməsi və ya münaqişələrin çözülməsi üçün platforma deyil. Bununla belə, Lyuk Devin Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşündən ümidləndiyini qeyd edib”.

“Azatutyun” daha sonra yazır ki, İrəvanın fikrincə, beynəlxalq birlik Azərbaycan və Ermənistan arasında son toqquşmaları sərhəd insidenti yox, Azərbaycanın Ermənistanın suveren ərazisinə müdaxiləsi kimi qiymətləndirməlidir. Amma beynəlxalq birlik, o cümlədən Avropa İttifaqı məsələyə fərqli yanaşır. Bu fonda həm Avropa deputatları, həm də diplomatlar demarkasiya və delimitasiyaya dair Soçi görüşündə əldə olunmuş razılaşmaları dəstəklədiklərini bildiriblər.

Samirə SƏFƏROVA

Mənbə: www.baki-xeber.com