Elmar Məmmədyarov uzun müddət sonra üzə çıxdı - FOTO

Elmar Məmmədyarov uzun müddət sonra üzə çıxdı - FOTO

Xeyli vaxtdır kölgəyə çəkilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin iclasında görünüb.

Modern.az-ın məlumatına görə, AFFA prezidenti Rövnəq Abdullayevin sədrlik etdiyi iclasa İcraiyyə Komitəsinin bütün üzvləri qatılıb, müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul olunub.

Xatırladaq ki, ötən ilin iyulunda xarici işlər naziri vəzifəsindən azad edilmiş Elmar Məmmədyarov hazırda rəsmi fəaliyyətini AFFA İcraiyyə Komitəsinin üzvü kimi davam etdirir.

Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunur. Onun səlahiyyət müddəti 4 ildir.

Qeyri-rəsmi məlumatlara görə, Elmar Məmmədyarov nazir vəzifəsindən çıxarılandan sonra onun Azərbaycanı tərk etməsinə müvəqqəti qadağa qoyulub. Buna səbəb Xarici İşlər Nazirliyi (XİN) sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaqdır. XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə DTX əməliyyatçıları tərəfindən həbs edilib. Hazırda onların məhkəmə istintaqı davam edir.

Elmar Məmmədyarov 16 il nazir (2 aprel 2004-cü il tarixindən 16 iyul 2020-ci il ə kimi) xarici işlər naziri vəzifəsində çalışıb.

 

 

 

Mənbə: modern.az