Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) Müşahidə Şurasının yeni tərkibdə iclası keçirilib.

Bu barədə "Report"a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Mərkəzin İcraçı direktoru Valeh Hüseynov, Müşahidə Şurasının sədri Soltan Məmmədov və şuranın üzvləri iştirak ediblər.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Mərkəzin fəaliyyəti barədə qərarların qəbul olunmasında Müşahidə Şurasının rolu böyükdür: “Çünki Müşahidə Şurası qərar qəbul etməkdə müstəqildir. Şura Mərkəzin fəaliyyətinə nəzarəti həyata keçirdiyi üçün o görülən işlərin düzgün istiqamətləndirməsində, qərarların verilməsi ilə bağlı təkliflərin irəli sürülməsində fəal iştirak etməlidir. Kadr siyasətinin düzgün formalaşdırılması, daxili məsələlər və mərkəzin fəaliyyətinin yoxlanılması barədə qərarın verilməsi bilavasitə Şuranın fəaliyyəti ilə bağlıdır”.

Müşahidə Şurasının vəzifələrindən danışan Soltan Məmmədovun sözlərinə görə, üzvlərinin sayının artırılması Mərkəzin fəaliyyətinə öz töhfəsini verəcək.

Qeyd edək ki, Agentliyin İdarə Heyətinin 30 noyabr 2021-ci il tarixli 31 nömrəli Qərarı ilə Mərkəzin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının tərkibi sədr də daxil olmaqla 5 üzvdən ibarətdir: Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin müdiri Yadigar Mahmudzadə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva və Bakı Sağlamlıq Mərkəzinin Qan mərkəzinin şöbə müdiri, Elm Təhsil Komitəsinin sədri Səhər İsmayılova.

Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şuranın vəzifələri həmçinin Mərkəzin fəaliyyətinə dair illik hesabatı dinləmək, illik büdcəsinə və onun icrasına nəzarət etmək, daxili audit xidməti yaratmaq, fəaliyyəti ilə bağlı xüsusi halların araşdırılması üçün müvəqqəti komissiyalar yaratmaq, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi və təkmilləşdirilməsi barədə qərar vermək və digər məsələlərdən ibarətdir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda qadın sürücü tıxaca səbəb oldu - VİDEO

SONRAKI XƏBƏR

Millimizin yeni baş məşqçisi: “Həmişə zəif komandaları gücləndirmişəm”