Avronest PA-nın Büro iclasında

Dekabrın 2-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Büronun işinə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili moderatorluq edib.

 

Gündəliyin qəbulundan sonra Büronun 2021-ci il sentyabrın 27-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

 

Sonra Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndə heyətlərinin başçıları çıxış edərək ölkələrində gedən iqtisadi-siyasi proseslər, Covid-19 pandemiyası, peyvəndləmə ilə bağlı mövcud vəziyyət barədə məlumat veriblər, regional təhlükəsizlik məsələlərinə toxunublar.

 

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli Ermənistan nümayəndəsinə cavab olaraq çıxışında erməni tərəfinin sərhəddəki təxribatları barədə məlumat verib. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin 26 noyabr Soçi görüşü və görüşdə qəbul olunmuş bəyanat barədə danışıb. Azər Kərimli Azərbaycanın etnik və dini mənsubiyyətindən asılı olmayaraq münaqişənin təsirinə məruz qalmış Azərbaycan ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını yenidən öz siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etmək əzmində olduğunu vurğulayıb, bölgədə iqtisadi, ticarət, kommunikasiya əlaqələrinin reallaşdırılması ilə bağlı görülən işlərdən bəhs edib.

 

O, həmçinin cari il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası və iclasda Madrid Bəyannaməsinin qəbul olunması barədə məlumat verib.
Avronest PA-nın Büro iclasında Büronun “Şərq tərəfdaşlığı” Sammitinə ünvanlanacaq mesajı ilə bağlı müzakirələrdə Ermənistan mətnə irəli sürdüyü Azərbaycanın əleyhinə dəyişikliyi qəbul etdirməyə çalışıb. Lakin Azərbaycan tərəfinin qəti etirazı nəticəsində təklif qəbul olunmayıb.
İclasın sonunda Avronest PA-nın həmsədri Andrius Kubilius qurumun növbəti iclasının gələn ilin fevralına planlaşdırıldığını bildirib.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Xırdalan bazarında süni qiymət artımı - VİDEO

SONRAKI XƏBƏR

Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ərəfəsində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş olub