İran-Əfqanıstan sərhəddində toqquşmanın səbəbkarı fermerlərdir?

Taliblərin Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra bu ölkənin qonşu dövlətlərlə münasibətlərinin gərginləşəcəyi barədə səsləndirilən proqnozlar özünü doğrultmağa başlayıb. İlk silahlı insident İran-Əfqanıstan sərhəddində yaşanıb. Əfqanıstanın “Tolo News” telekanalı ölkənin informasiya və mədəniyyət nazirinin ikinci müavini Bilal Kərimiyə istinadən sərhəddə silahlı toqquşmanın dayandığını bildirsə də, belə halların təkrarlanacağı istisna olunmur. AzVision.az xəbər verir ki, münaqişə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətinin Konq rayonunda baş verib. İranın “Tasnim” agentliyinin məlumatına görə, döyüşlərə səbəb iranlı fermerlərin guya sərhədi qeyri-qanuni şəkildə keçməsi olub.

- Atışma dövlət sərhəddinin pozulması ilə bağlı “anlaşılmazlıq” üzündən başlayıb. Məlum olub ki, iranlı fermerlər qaçaqmalçılarla mübarizə üçün Əfqanıstanla sərhəddə quraşdırılan çəpərləri icazə olmadan keçiblər. Hazırda vəziyyət sabitləşdirilib, - “Tasnim” agentliyi yazıb.
Maraqlıdır ki, bundan əvvəl İran sərhədçiləri ilə “Taliban” hərəkatının döyüşçüləri arasında silahlı toqquşmanın səbəbi kimi əfqan tərəfinin “sərhəd xətti” anlayışını düzgün başa düşmədiyi göstərilmişddi.

Özbəkistanın “Aamaj News” agentliyi isə tərəflərin odlu silahlardan və artilleriyadan istifadə etdiyini, hətta İranın iki nəzarət-buraxılış məntəqəsinin “Taliban”ın nəzarəti altına keçdiyini bildirib.

Lakin “Tasnim” agentliyindəki mənbə bu iddianı təkzib edib.
“İran qüvvələri tamamilə sərhədə nəzarət edirlər. Taliblərin İran-Əfqanıstan sərhəddindəki bir neçə nəzarət-buraxılış məntəqəsini ələ keçirməsi barədə məlumat isə həqiqətə uyğun deyil”, - “Tasnim”dəki mənbə vurğulayıb.

Sahil İsgəndərov

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Magistral və ucqar yollarda qışa hazırlıq başa çatıb - RƏSMİ

SONRAKI XƏBƏR

Apple şirkəti Google-dan gizli reklam alır