“Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasından imtina etsə, ciddi təzyiqlə qarşılaşacaq”

“Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasından imtina etsə, ciddi təzyiqlə qarşılaşacaq”

Üçtərəfli işçi qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb. Ermənistanın “Zəngəzur dəhlizi”nin açılmasından tam imtina etdiyi şəraitdə hadisələr necə inkişaf edə bilər?..

Tofiq Zülfüqarov: “Ermənistanın “Zəngəzur dəhlizi”nin açılmasından imtina etməsi həm Azərbaycana, həm də Rusiyaya qarşı yönələn addımdır”.

“Əvvəl sənədi qəbul edib, sonra imtina etmək, həm Azərbaycana, həm də vasitəçiyə qarşı olan hərəkətdir”.

Bu sözləri sabiq nazir Tofiq Zülfüqarov üçtərəfli işçi qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmağın mümkün olmamasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Üçtərəfli işçi qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb. Bunu dekabrın 2-də “Azadlıq” radiosuna Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən deyib.

Xatırladaq ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu baş vermədi.

Eyni zamanda erməni tərəfi yaxın vaxtlarda eyni səviyyədə daha bir görüşün baş tutacağını açıqlayıb. Bakı isə dekabrın 1-də Moskvada keçirilən görüşün nəticələrini şərh etməyib.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri faktiki olaraq Bakını Moskva görüşünü pozmaqda ittiham edib.

“Biz yolları açmağa hazırıq, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilık, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”, - Qriqoryan bildirib.

Belə olan halda niyə tərəflər razılığa gəlmədi sualına, Qriqoryan açıq şəkildə bildirdi ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir.

“Hesab edirəm ki, Azərbaycan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək elə bir siyasi iradə nümayiş etdirə bilməz”, deyə Qriroryan bildirib.

Açıqlamadan hiss olunur ki, məsələ “Zəngəzur dəhlizi” ilə bağlı dalana dirənib. Bəs Ermənistanın Zəngəzur dəhlizinin açılmasından tam imtina etdiyi şəraitdə hadisələr necə inkişaf edə bilər?

Ermənistanın “Zəngəzur dəhlizi” ilə bağlı hazırkı mövqeyini PİA.az-ın əməkdaşı sabiq nazir Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “Ermənistanın “Zəngəzur dəhlizi”nin açılmasından imtina etməsi həm Azərbaycana, həm də Rusiyaya qarşı yönələn addımdır. Birmənalı olaraq məntiq bunu göstərir”.

Rusiya prezidentinin özünün şəxsən 10 noyabr sənədinin hazırlanmasında iştirak etdiyini xatırladan sabiq nazir PİA.az-a bildirib ki, Bakı hərbi yolla Ermənistanı öz öhdəliyini yerinə yeirməyə məcbur etməsi də istisna olunmur:

“Birincisi biz həmişə yadda saxlamalıyıq ki, “Zəngəzur dəhlizi” ilə bağlı 10 noyabr sənədi qəbul olunub. Bu bir növ kapitulyasiya sənədi idi. Təbii ki, 10 noyabrda imzalanan sənədin qəbul olunmasında vasitəçi var. Amma demək olmaz ki, bu klassik razılaşma yolu ilə qəbul olunan sənəddir. Bir daha qeyd edim ki, sənəd kapitulyasiya sənədidir.

Bu sənəddə uduzan tərəf üzərinə öhdəliklər götürüb. Güc tətbiq olunma təhlükəsi altında Ermənistan üzərinə öhdəliklər götürüb. Buna görə də 10 noyabr sənədinin öz xüsusiyyətləri var. Yəni əvvəl sənədi qəbul edib, sonra imtina etmək, həm Azərbaycana, həm də vasitəçi yə qarşı olan hərəkətdir.

Bir nüansı da qeyd edim ki, burada vasitəçi və təminatçı qismində Rusiya iştirak edib. Hətta Rusiya prezidentinin özü şəxsən 10 noyabr bəyanatının hazırlanmasında iştirak edib. Buna görə də hesab edirəm ki, Ermənistanın “Zəngəzur dəhlizi”nin açılmasından imtina etməsi həm Azərbaycana, həm də Rusiyaya qarşı yönələn addımdır. Birmənalı olaraq məntiq bunu göstərir.

Düşünürəm ki, əgər Ermənistan “Zəngəzur dəhlizi”nin açılmasından imtina etsə həm Bakının, həm də Moskvanın ciddi təzyiqləri qarşılaşacaq. İstisna olunmur ki, Bakı hərbi yolla Ermənistanı öz öhdəliyini yerinə yeirməyə məcbur edəcək”.

Nərminə UMUDLU
pia.az

Mənbə: pia.az