Rusiyanı təlaşlandıran gəlişmə: “Türk NATO-su” qurulur?

“Həm KTMT, həm də NATO-nun nizamnaməsində əsas olaraq BMT-nin nizamnaməsi götürülür. BMT-nin nizamnaməsində də dövlətlərin fərdi və kollektiv müdafiə hüququ əsas faktor kimi önə çəkilir. Sonradan formalaşan təşkilatlar bu hüququn verdiyi üstünlükləri şübhə altına ala bilməzlər. Bu baxımdan, Lavrovun nə deməsindən asılı olmayaraq, bu prosesin qarşısını ala biləcək bir hüquqi maneə yoxdur. Çünki həm KTMT, həm də NATO BMT nizamnaməsinə istinad edir. BMT-nin nizamnaməsinin hüquqi statusu və yükü hər iki təşkilatın statusu və yükündən dəfələrlə artıqdır”.

Politoloq Elçin Mirzəbəylinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli komissiyanın Moskvada keçirilən iclasında anlaşma olmadı. Halbuki Rusiya Prezidenti Vladimir Putin işçi qrupunun konkret açıqlamalarla çıxış edəcəyini demişdi. Sizcə, anlaşma niyə mümkün olmadı?

- İşçi qrupunun toplantısı ilə bağlı yayılan məlumatlar bir-birinə ziddir. Rusiya və Ermənistanın yaydığı məlumatlar bir-birindən fərqlənir. Rusiya mətbuatında görüşdə növbəti iclasın keçirilməsinin razılaşdırıldığı bildirilir, eyni zamanda, burda bir sıra məqamlar var. Bu məqamlara görə, hansısa detallarla bağlı razılığa gəlmək mümkün olmayıb və bunlar yüksək səviyyədə razılaşdırılmalıdır. Ola bilsin ki, Ermənistan tərəfi prosesi Brüssel görüşünə qədər uzatmağa çalışır. Rusiya bu görüşdə konkret bir nəticənin əldə olunmasına çalışırdı. Qənaətimə görə, Brüssel görüşündən əvvəl hansısa nəticənin əldə olunması Rusiyanın maraqlarına uyğundur. Bununla Rusiyanın iştirakı ilə gedən prosesin müsbət nəticə verdiyi təəssüratı yaranacaqdı ki, bu da Brüssel görüşündən əvvəl Moskvanın prosesdəki rolu və əhəmiyyətinin daha yüksək səviyyədə qabardılmasına imkan verəcəkdi. Amma görünən budur ki, Ermənistan bu prosesi Brüssel müstəvisinə daşımağa çalışır. Bunda təkcə Ermənistanın yox, həm də onu təlimatlandıran bir sıra mərkəzlərin maraqlı olduğu görünür.

Ola bilsin ki, növbəti görüşdə hansısa razılaşmanın əldə edilməsi ilə bağlı açıqlama veriləcək. Məsələlərə ayrı-ayrı kontekstlərdən yanaşmaq lazımdır. Azərbaycan cəmiyyətində daha çox Zəngəzur dəhlizi ilə bağlı məsələlər vurğulanır. Ermənistan mediası və cəmiyyətində aparılan müzakirələr də göstərir ki, bu məsələ orada da ictimai rəydə öz əksini tapıb. Ermənilərin əksəriyyəti dəhlizin açılacağını deyirlər. Yəni Ermənistanın nə istəməsindən və nə etməsindən asılı olmayaraq, dəhliz açılacaq. Ola bilsin ki, ilin sonunadək dəhlizin açılması ilə bağlı önəmli qərar verilməsin, amma bütün hallarda bunun həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atılacaq.

Sərhədlərin delimitasiya və demarkasiyasına gəldikdə, bu, uzunmüddətli prosesdir. Kimsə düşünürsə ki, işçi qrupunun görüşlərində bununla bağlı dərhal qərar veriləcək, qənaətimə görə, bu, yanlış fikirdir. Bu proses uzunmüddətlidir, çox qısa zamanda bu prosesi başa çatdırmaq gözlənilən deyil. İndi başlansa belə, xeyli vaxt aparacaq.

- Bəs Ermənistan rəhbərliyinin prosesi Brüsselə daşımaq səyləri nə ilə nəticələnə bilər?

- Effektli nəticə verməyəcək. Bu yöndə cəhdlərin olduğunu görürük. Entoni Blinken son açıqlamasında ABŞ-ın dolayı yolla bu prosesdə iştirak etdiyini və fəallaşdığını dilə gətirdi. Əslində isə ABŞ Cənubi Qafqazda gedən bu prosesdə Rusiya ilə danışıqlar yolu ilə iştirak etmək istəyir və bu niyyətini qələmə verir. Amma ayrı bir formatda Rusiyanın üzərindən xətt çəkərək, yaxud neytrallaşdıraraq prosesi hansısa formada irəli aparmaq mümkün olmayacaq. Paşinyan Brüsseldə uzun müddət qalmayacaq, geri qayıdacaq və reallıqla barışmaq məcburiyyətində olacaq.

İndi siyasi və informasiya müstəvisində Azərbaycanın mövqelərinə yönəlmiş bir sıra təxribat xarakterli addımların atılmasının şahidi oluruq. Bu addımlar sosial şəbəkələr üzərindən lokal ziddiyyətlər yaratmaq məqsədilə atılır. ABŞ və Qərb dairələrinin nəzarətində olan bir sıra beynəlxalq təşkilatlar və fondlar, Soros Fondu və “Ned” kimi qurumlar 2021-ci il üçün qrant layihələri müəyyənləşdiriblər. Azərbaycanı da bu layihələrə daxil ediblər. 2016-cı ildən sonra belə layihələrin Azərbaycandan kimlərə verilməsi ilə bağlı məqamlar açıqlanmır. Amma burada söhbət böyük maliyyə vəsaitlərindən gedir. Azərbaycan üzrə müəyyənləşdirilən istiqamətlər də insan haqları, media azadlığı və s. məsələlərlə bağlıdır. Bu baxımdan, 2022-ci ildə Azərbaycanın mövqelərinin həm də “5-ci kolon” vasitəsilə zəiflədilməsi istiqamətində daha intensiv fəaliyyətin şahidi olacağıq, buna hazırlıqlı olmalıyıq.

Brüssel prosesi də Cənubi Qafqaza təsir dairəsini qoruyub-saxlamağa çalışan mərkəzlərin təşəbbüsü ilə həyata keçirilir. 2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr də birbaşa bu proseslə əlaqəlidir. Hər halda hadisələrin gedişatında daha dəqiq proqnozlar vermək mümkün olacaq.

- Yəni indidən demək olar ki, Brüssel görüşündə nəticələr olmayacaq...

- Bu görüşdə konkret nəticələrin əldə olunacağını gözləmirəm. Məsələyə bir neçə kontekstdə yanaşmaq olar. Əgər Brüssel görüşündə nəticə olarsa, bu prosesin gedişatına nə verə bilər? Hansısa nəticə olsa belə, Rusiyanın vasitəçiliyi ilə əldə olunan nəticələrdən üstün nəticə olmayacaq. Hesab edirəm ki, Brüssel görüşündə daha çox humanitar məsələlərin müzakirəsinə diqqət ayrılacaq. Təbii ki, ilk növbədə, Azərbaycan ərazilərində cinayət törətdiklərinə görə saxlanılmış şəxslərlə bağlı olacaq. Bundan kənar müstəsna bir müsbət məqamların yer aldığı razışlamanın əldə olunacağı inandırıcı görünmür.

Məsələyə kommunikasiyaların açılması prizmasından baxdıqda, onda Avropa İttifaqının bununla bağlı mövqeyini də nəzərə almaq lazımdır. Avropa İttifaqı Zəngəzur dəhlizinin əleyhinə olmadığını bəyan edir. Bütövlükdə Avropa İttifaqı bu prosesi kommunikasiyaların açılması kontekstindən kənara çıxarmaq imkanında deyil. Əgər Avropa İttifaqı kommunikasiyaların açılmasını gündəmə gətirirsə, o zaman Zəngəzur dəhlizi də gündəmə gətiriləcək və gətirilməlidir. Bu baxımdan, kommunikasiyaların açılması məsələsinin üzərindən müəyyən qədər sükutla keçiləcəyi gözləniləndir. Diqqətin həm də delimitasiya və demarkasiya prosesinə yönədiləcəyi də ehtimal oluna bilər.

- Rusiya Xarici işlər naziri Sergey Lavrov ötən günlərdə Türk Dövlətləri Təşkilatı ilə bağlı açıqlama verdi. O bildirdi ki, türk dövlətləri arasında hərbi birliklər qurulsa, bu, işlərin xeyrinə olmayacaq. Bu hədənin arxasında nə var və ümumən belə bir hərbi birliyin qurulması mümkündürmü?

- Əvvəla, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərdən ikisi KTMT-nin üzvüdür. KTMT-nin nizamnaməsinə görə, bu hərbi-siyasi blokda təmsil olunan dövlətlər digər hərbi bloklara qoşula bilməzlər. Amma biz yaxın dövrdə, xüsusən də Türkiyə-Azərbaycan yaxın münasibətləri kontekstində açıq şəkildə gördük ki, hər hansı hərbi bloklarda təmsil olunan ölkələrin bu sahədə əməkdaşlığı mümkündür. Məsələyə ümumi təhlükəsizlik kontekstindən yanaşdıqda, perspektivdə türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atıla bilər.

Həm KTMT, həm də NATO-nun nizamnaməsində əsas olaraq BMT-nin nizamnaməsi götürülür. BMT-nin nizamnaməsində də dövlətlərin fərdi və kollektiv müdafiə hüququ əsas faktor kimi önə çəkilir. Sonradan formalaşan təşkilatlar bu hüququn verdiyi üstünlükləri şübhə altına ala bilməzlər. Bu baxımdan, Lavrovun nə deməsindən asılı olmayaraq, bu prosesin qarşısını ala biləcək bir hüquqi maneə yoxdur. Çünki həm KTMT, həm də NATO BMT nizamnaməsinə istinad edir. BMT-nin nizamnaməsinin hüquqi statusu və yükü hər iki təşkilatın statusu və yükündən dəfələrlə artıqdır.

Türk dövlətləri arasındakı əlaqələrin hansı istiqamətdən qurulacağını müəyyən etmək Lavrovun missiyası və başına görə deyil. Sadəcə olaraq, bu onun hadisələrə mənsub olduğu etnik kimliyindən (erməni) irəli gələn yanaşmasıdır. Bu aqressiv münasibətdir. Çünki ondan əvvəl Kremlin sözçüsünün (Dmitri Peskov) verdiyi açıqlamada daha müsbət məqamların yer aldığını görmüşük. Lavrovun bu aqressiv yanaşmasında isə onun milliyi kimliyi əsas rol oynayır.

- Lavrov Millətçi Hərəkat Partiyasının lideri Dövlət Bağçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi türk dünyasının xəritəsinə də ikibaşlı münasibət sərgilədi.

- O, bu xəritədə Rusiya ərazisindəki türk toplumlarının da yer aldığını xüsusi olaraq qabartmaq istəyir. “Rusiyaya ərazi iddiası” müstəvisinə çəkmək niyyətini açıq şəkildə büruzə verir. Söhbət mədəni əlaqələrdən gedirsə, indiki Rusiya ərazisində yaşayan türk toplumları ilə mədəni əlaqələrin qurulması dəqiq prosesdir. Rusiyanın özü hətta etnik baxımdan rus olmayan insanlara “rusdilli” kimi absurd ad qoymaqla, onlardan özü üçün “5-ci kolon” formalaşdırmağa cəhd göstərir. Bununla da post-sovet məkanında öz təsir dairəsini qoruyub-saxlamaq niyyəti güdür.

İndiki məqamda Lavrov və onun kimi düşünənləri narahat edən hərbi-siyasi ittifaqın qurulması yox (bu yöndə addımların atılmadığını çox yaxşı bilirlər), Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin Rusiyada yaşayan türklər vasitəsilə Rusiyada təsir dairələrini yaratmaq perspektividir. Görünür, bu hansısa dairələri narahat edir. Amma indi belə bir perspektivin olmadığını hər kəs başa düşür.

Rusiyanın ayrı-ayrı subyektlərində yaşayan ayrı-ayrı xalqların demoqrafik vəziyyətinə diqqət yetirsək, orada hüquqi dəyişikliklərin baş verdiyini görə bilərik. Məsələn, Rusiya Xakasiyanı ələ keçirəndə buradakı əhalinin 100 faizini xakaslar təşkil edirdi. Amma indi orada heç 20 faiz xakas yaşamır. Eyni problem Tuva, Yakutiya, Başqırdıstan və digər respublikalarda da var. Çuvaşlar həddindən artıq assmiliyasiyaya uğrayıblar. Şimali Qafqazın türk xalqları arasında qismən dil və mədəniyyət qorunub-saxlanılıb. Bu da onların Azərbaycan və türk dünyasına çıxış imkanlarının olması ilə bağlıdır. Tatarların isə sayının çox olması assimilyasiyanın qarşısını qismən də olsa alır. Yəni Rusiyada yaşayan türk xalqları ilə bağlı vəziyyət ruslar üçün heç bir problem yaratmır.

Rusiyanın siyasətində klassik ziddiyyət faktoru özünü göstərir. Belə bir məşhur ifadə var: Rusiyanı ağılla dərk etmək mümkün deyil. Bu, bütün dövrlərdə belə olub.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Aqrar məhsul daşınmasında yeni şərt - VİDEO

SONRAKI XƏBƏR

Tarixdə iz qoyanlar: Roman janrının ustası Əbülhəsən öz əsərini niyə cırmışdı...