“Yaşayış məntəqəsində minalar xəritəsiz basdırılıb” - NƏ ETMƏLİ?

“Yaşayış məntəqəsində minalar xəritəsiz basdırılıb” - NƏ ETMƏLİ?

İkinci Qarabağ müharibəsinin başa çatmasından 1 ildən çox vaxt keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi qalmaqdadır. Azad olunmuş torpaqlarda minalardan ölən və yaralananların statistikası artmaqda davam edir. Son məlumatlara görə, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə minalara düşmə nəticəsində 20-dən çox Azərbaycan vətəndaşı həlak olub, 100-ə yaxın vətəndaşımız ağır yaralanıb.
2021-ci ilin təkcə noyabr ayında 7 hadisə nəticəsində 9 nəfər minaya düşüb. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyindən verilən xəbərə görə, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olması qeydə alınıb. “Nəticədə bir mülki şəxs həlak olub, 8 nəfər yaralanıb (bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs).
2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib", - məlumatda qeyd olunur.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 97 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb: “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar. Minalar Əleyhinə Azərbaycan Kampaniyası təşkilatının bildirdiyinə görə, ümumilikdə bu il ərzində Azərbaycanın 59 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Bəs Azərbaycanın geri aldığı torpaqların minalardan təmizlənməsi nə qədər çəkə bilər?
Ötən il, müharibə bitəndən bir neçə gün sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il müddətin lazım olduğunu bildirmişdilər.
Qurumdan bildiriblər ki, ilk öncə yaşayış yerləri minalardan təmizlənəcək. Ərazi yaşayış üçün təhlükəsiz sayıldıqdan sonra insanlar öz yurd-yuvalarına qayıda biləcək.
“Amma otlaqlar, əkin yerləri, meşə və dağ əraziləri də minalardan təmizlənməlidir ki, bunlar da illərlə vaxt aparacaq”, - deyə qurum rəsmisi İdris İsmayılov bildirmişdi.
“Landmine Monitor Report” nəşrinə görə, Qarabağda minalanmış ərazilərin ümumi sahəsi 350 kv km-dən 830 kv km-dək ola bilər. Azərbaycanda 2013-2017-ci illərdə 19,44 kvadrat km ərazi minalardan təmizlənib, bu isə ildə orta hesabla 4-5 kvadrat km ərazinin təmizlənməsi deməkdir. Dərgi yazır ki, Azərbaycan hökumətinin və Dünya Bankının birgə araşdırması nəticəsində 2007-ci ilin sentyabr ayında, işğal olunmuş torpaqların minalardan təmizlənməsinə o dövrün qiymətləri ilə 600 milyon ABŞ dolları tələb olunduğu bildirilmişdi.
BMT-nin dəyərləndirməsinə əsasən, bu gün dünya boyu 70-dək ölkədə basdırılmış minaların ümumi sayı 100-120 milyon civarındadır. Hər gün orta hesabla dünyada 70-dək insan minaya düşür. Mütəxəssislərin fikrincə, mövcud texnologiyalardan istifadə edərək, bütün planetin minalardan təmizlənməsi təxminən 1000 il çəkə bilər və 65-100 milyard dollara başa gələcək.
Müharibə başa çatdıqdan sonra minatəmizləmə ilə məşğul olan Azərbaycan müharibədən öncə mövcud olmuş təmas xətti boyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb edib.
“Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var”, - Prezident İlham Əliyev bildirib. Ermənistan isə onda belə bir xəritənin olmasını nə təsdiq, nə də təkzib edib.
Kəlbəcərdə mina partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfərin həlak olması ilə bağlı Azərbaycanın baş prokuroru Kamran Əliyev BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən “Amnesty International” və “Human Rights Watch” insan haqları qruplarına müraciət edərək Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərini minalamaqla humanitar normaları və prinsipləri pozmaqda günahlandırıb.
İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan minaları öz daxili imkanları hesabına və Türkiyənin köməyi ilə təmizləyir. Mina və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə Türkiyənin hərbi istehkamçılarının ilk qrupu Azərbaycana müharibədən dərhal sonra, 2020-ci il noyabrın 30-da göndərilib. Qrup Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində kömək göstərməyə başlayıb.
Bu ilin fevralında isə Türkiyə Azərbaycana 20 ədəd mina təmizləyən 20 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) maşını ixrac edib. May ayında Türkiyə Azərbaycana “MEMATT” markalı daha 5 mexaniki minatəmizləmə texnikası göndərib. Azərbaycan Ordusunun Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimovun sözlərinə görə, “bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur”.
Türkiyə Milli Müdafiə Nazirliyi həmçinin Azərbaycan Fövqəladə Hallar Nazirliyinə 10 xüsusi təlim keçmiş minaaxtaran it hədiyyə edib və Azərbaycan kinoloqları Türkiyədə mina axtarışı və təmizlənməsi təlimləri keçib.
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Azərbaycan çox az saylı ölkələrdəndir ki, mina təmizləmə işləri Azərbaycanda həm hərbi təyinatlı, həm də humanitar təyinatlı həyata keçirilir: “Hərbi təyinatlı mina təmizləmə prosesləri Müdafiə Nazirliyinin mühəndis istehkam bölmələri tərəfindən həyata keçirilir. Humanitar təyinatlı mina təmizləmə işləri isə Azərbaycanda son zamanlar yaradılan ANAMA tərəfindən icra olunub və ötən illər ərzində Agentliyin fəaliyyət istiqaməti, maddi-texniki bazası beynəlxalq səviyyəyə çatdırılıb. Lakin Vətən müharibəsindən sonra məlum olub ki, mina təmizləmə işlərinin miqyası göründüyündən daha böyük olmalıdır. Bu istiqamətdə nə hərbi, nə də humanitar mina təmizləmə qurumlarının hazırki imkanları bunu həyata keçirməyə şərait yaratmır. Bu səbəbdən də ANAMA-nın fəaliyyəti ilə yanaşı, Silahlı Qüvvələrin digər qoşun növləri - Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin hərbi təyinatlı mina təmizləmə işlərinə, işlərinin genişlənməsinə ciddi şəkildə maliyyə vəsaitləri ayrılıb”.
Ekspert deyir ki, Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində minalanmış bölgələrin xəritəsini normal şəkildə təqdim etməkdən boyun qaçırır: “Düzdür, Ağdamla bağlı təqdim olunan xəritələr var, amma bu daha çox hərbi təyinatlı təmizləmə işlərinə dəstək olub. Humanitar mina təmizləmə işlərinin aparılması üçün ciddi problemlər mövcüddur. Yəni bu gün hər yaşayış məntəqəsində, qəsəbədə və digər sahələrdə minalar mövcuddur və xəritəsiz basdırılıb. Həmin minaların araşdırılıb tapılması həm böyük vəsait tələb edir, həm də zaman. Həmçinin şəxsi heyət, texniki imkanlar tələb edir.
Müqayisə üçün deyim ki, hələ 1945-ci ildə sonra, İkinci Dünya müharibəsi bitdikdən sonra müharibənin getdiyi Şərqi Avropa ölkələrində - Ukrayna, Belarus, Moldova və Rusiyanın qərb istiqamətində partlamamış minaları və digər vasitələrə hələ də rast gəlinir. Yəni mərmilərə, raket qurğularına və sair rast gəlinir. Bunun özü insan həyatı üçün ciddi təhlükə mənbəyidir. 2-cü Dünya müharibəsindən sonrakı dövrdə müəyyən texniki vasitələr yox idi. Bu gün isə həmin texniki vasitələr var, sadəcə onlar çox bahadır və onların Azərbaycana gətirilməsi və burda istifadə olunması üçün həm canlı qüvvəyə - mütəxəssislərə, həm də texnikanın özünə ehtiyac var. Avadanlıqlara ehtiyac var. Bu il, minaların sürətli şəkildə təmizlənməsi üçün Prezident müvafiq fərman imzalayıb. Həmin fərman böyük miqyaslı mina təmizləmə işlərinin, infrastruktur layihələrin sürətlə həyata keçirilməsinə təkan verəcək. Yol, nəqliyyat, elektrik və sair işlərin həyata keçirilməsi üçün sürətli mina təmizləmə işləri həyata keçirilməlidir. Fərman bu problemlərin həllində maddi-texniki təminat və mütəxəssis ehtiyatının ödənməsinə yol açacaq".

Mənbə: teref.az