"Orada kabinetdən əmr vermək və qalstukla hərəkət etmək mümkün deyil"

"Orada kabinetdən əmr vermək və qalstukla hərəkət etmək mümkün deyil"

Xəbər verdiyimiz kimi, bu günlərdə Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bəs görəsən, Qarabağda xüsusi nümayəndəliyin yaradılmasının hüquqi, siyasi və iqtisadi baxımdan hansı əhəmiyyəti var?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Zahid Oruc cavablandırıb. O bildirib ki, qarşıdakı dövrdə görüləcək çox böyük işlər və planlar var:

“44 günlük Vətən müharibəsində qələbə çaldıqdan sonra Azərbaycanda köklü dəyişikliklərin baş verdiyini müşahidə edirik. Bu, regionda yeni reallıqların nəticəsidir. Ölkəmizin geopolitik statusu, bölgəni 30 il ərzində ciddi təhlükələr qarşısında saxlayan işğal gerçəkliyinin ortadan götürülməsi, beynəlxalq əhəmiyyətli strateji layihələrin gerçəkləşdirilməsi, transmilli layihələrlə paralel yeni dəhlizlərin meydana çıxması ölkə daxilində və idarəetmə sistemində də özünü təcəssüm etdirir. Bu mənada, xüsusi nümayəndəlik institutunun yaradılması, onunla bağlı qanunvericilik hüquqi aktların formalaşdırılması idarəetmə sistemimiz üçün mühüm hadisədir. Bu, o deməkdir ki, Azərbaycan Qarabağın işğaldan azad edilməsindən sonra hakimiyyət sistemində islahatları daha da dərinləşdirmək niyyətindədir. Bu illər ərzində işğal altında olan rayonların icra hakimiyyətlərinin sistemlərini qoruyub saxlamaq, onların bütün maliyyə yükünə baxmayaraq inzibati siyasi vahid hiss etmək dövlət büdcəsinə yük yaradır nöqteyi nəzərini deyil, həmin əraziləri hədəf götürmək asan məsələ deyildi. Dövlətimiz bu mənada böyük fədakarlıqlar edib. Çünki ayrı-ayrı belə nümunələrdə belə inzibati vahidləri ləğv edilib. Məsələn, Abxaziya və Osetiya ilə bağlı oxşar icra hakimiyyəti sistemlərini görə bilmərik. Bununla yanaşı, xüsusi nümayəndəliyin həm Şuşa, həm Ağdam üzrə təyinatından sonra prezident İlham Əliyev Emin Hüseynovu təkcə Ağdam üzrə deyil, Qarabağ üzrə xüsusi nümayəndəliyi ilə bağlı qərarını eşitdik. Bu, o deməkdir ki, Qarabağ iqtisadi rayonunun yaradılması fonunda qarşıdakı dövrdə görüləcək çox böyük planlar var. Böyük qayıdışın həyata keçirilməsi üçün vaxtilə işğal altında olan ərazilərin həm qanunvericilik baxımından, həm də Azərbaycanın sosial iqtisadi və siyasi məkanına tam inteqrasiyasını təmin etmək üçün çox böyük işlərə ehtiyac var”.

Deputat bildirib ki, burada sıradan tədbirlərdən söhbət getmir:

“Həmin ərazilərdə həyat sıfırdan deyil, hətta mənfidən başlayır. Ermənilər torpağın altına minalar əkiblər. Ona görə də Qarabağla bağlı dövlət başçısının müəyyən etdiyi siyasətin vahidliyi lazımdır. Oradakı bütün strukturların eyni məqsədlər üçün çalışması gərəkdir. Bütün bu proseslər şəffaf və xalqın iştirakı ilə olmalıdır. Millətimiz quruculuq prosesində iştirak etməlidir. Beləliklə, Qarabağda yaşamaq istəyən həm ermənilər, həm də digər xalqların yaşaması üçün o ərazilərin sülh təhlükəsizlik və digər sosial əlçatanlıq, idarəetmə strukturlarının orada yerləşməsi, özündə vacib məziyyətləri ehtiva edir. Ölkə rəhbərinin ötən bir ildə səfərlərinin önəmli hissəsinin məhz bu ərazilər təşkil etməsi, cənab prezidentin Şuşada Türkiyə liderini qarşılaması, daha sonra Zəngilanda bu görüşlərin keçirilməsi onu sübut edir ki, paytaxt hüquqi mənada Bakı olsa da siyasi mənada o ərazilərdir. Beləliklə, Qarabağ üzrə xüsusi nümayəndəlik sistemi həm siyasi, həm iqtisadi, həm idarəetmə prosesləri vahid mərkəzdə cəmləşmiş olacaq. Qarabağ Azərbaycan quruculuğunun mərkəzindədir. Mənəvi idarəetmə və sosial sferada yenilənmələr elə formada olmalıdır ki, həqiqətən də bütöv Azərbaycan quruculuğunun tərkib hissəsi olmalıdır. Ona görə də bu təyinatı uğurlu sayıram. Emin Hüseynov bu günə qədər Azərbaycanın uğurlarının qat-qat çox olmasında böyük zəhməti olan Mehriban Əliyevanın köməkçisi kimi özünü doğruldan şəxsdir. Ağdamdakı təyinatından sonra görülən işlər sübut edir ki, ərazilərin bərpasında və gələcək inkişafı üçün gerçək zəhmətə qatlaşmağa hazırdır. Bu çox böyük hünər və fədakarlıq tələb edir. Çünki orada təkcə kabinetdən əmr vermək və qalstukla hərəkət etmək mümkün deyil. Tam əminliklə söyləyirəm ki, Emin Hüseynov ona olan etimadı tam doğrulda biləcək”.

Şəbnəm Mehdizadə

Mənbə: redaktor.az