“Euroasiareview” portalı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə yazıb

“Euroasiareview” portalı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə yazıb

 

Bakı, 5 dekabr, AZƏRTAC

“Eurasiareview.com” portalında Londonda yerləşən “Henri Cekson Cəmiyyəti“ beyin mərkəzinin elmi tədqiqatçısı Taras Kuzionun “İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində son 30 ildə Azərbaycan tərəfinin verdiyi itkilər, taleyi hələ də qaranlıq qalan 4 min itkin düşmüş şəxs və Qərb düşüncəsində münaqişəyə baxışla bağlı fikirlər əksini tapıb.

Müəllif qeyd edir ki, Azərbaycan Ermənistan tərəfindən təxminən 30 il işğal altında saxlanılan torpaqlarını azad etdikdən sonra tədqiqatçılar Birinci Qarabağ müharibəsində (1988-1994-cü illər) itkin düşmüş dörd min azərbaycanlı barədə məlumat toplayırlar. Bildirilir ki, itkin düşənlərin 719 nəfəri mülki şəxsdir (326 qoca, 267 qadın və 71 uşaq).

T. Kuzio tanınmış amerikalı jurnalisti Tomas Qoltsun hələ 1994-cü ildə topladığı məlumatlara istinadən qeyd edir ki, əsir düşən mülki şəxslər qullar kimi fərdi evlərdə işlədilir, qarşı tərəflə girovlar qarşılığında, bəzən isə yemək və yanacaq əvəzinə dəyişdirilirdi. Müharibə əsirlərinin kütləvi şəkildə qətlə yetirilməsi və onların cəsədlərinin təhqir edilməsi də baş verirdi. Hətta Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan beynəlxalq müşahidəçilərin işğalçı ölkənin münaqişə zamanı Cenevrə Konvensiyasını pozmasına dair ittihamlarını cavabsız qoymuşdu.

Məqalədə erməni əsirliyində olan azərbaycanlıların qətlə yetirilməsinə dair faktlara da yer verilir. Bildirilir ki, Ermənistan paytaxtı Yerevanda 7 müharibə əsiri güllələnib və Beynəlxalq Qırmızı Xaç təşkilatına əsirlərin qaçmağa cəhd zamanı öldürüldüyünə dair məlumat verilib. Lakin azərbaycanlı əsgərlərin cəsədlərinin analizi zamanı onların yaxın məsafədən başlarına atəş açılmaqla, qaçış zamanı güllələnməyə xas olmayan digər şəkildə qətlə yetirilməsi beynəlxalq ekspertlər tərəfindən də təsdiqlənib. 1994-cü ildə baş vermiş bu hadisə barədə “Human Rights Watch” təşkilatı da məlumat yayıb.

Yazıda, həmçinin qeyd edilir ki, Ermənistan tərəfindən törədilən cinayətlərin əksəriyyəti Qərb siyasətçiləri, ekspert və medianın heç vaxt geniş şəkildə diqqətində olmayıb. Hətta ATƏT komissiyasının üzvünə azərbaycanlı girovlar və məhkəmədən kənar öldürülmələr barədə sual verdikdə, o, ölmüş azərbaycanlılara diqqət ayırmağa lüzum olmadığını bildirmişdi.

Məqalədə, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələri arasında müqayisələr aparılır. Bildirilir ki, həm müddətinə, həm də insan haqlarının pozulması hallarına görə hər iki müharibə arasında ciddi fərq olub. İlk müharibədə insan haqlarının pozulmasına dair kifayət qədər çox fakt baş versə də, ikinci müharibədə belə halların sayı çox az idi. Həmçinin, birinci müharibədə 20 mindən çox insanın həlak olduğu halda, ikinci müharibədə 200 mülki və təxminən 7 minə yaxın hərbçinin həlak olduğuna dair rəsmi məlumatlar var.

Müəllif bildirir ki, Qərb şərqşünaslığında Cənubi Qafqazdan bəhs edərkən İslam dini haqqındakı stereotiplərdən istifadə olunur. Azərbaycanlıların qətlinə ABŞ-da biganə münasibət olsa da, ermənilər ciddi-cəhdlə dəstəklənir. ABŞ və Fransadakı böyük erməni diasporu media və siyasətçilərə insan haqlarının pozulmasına dair özlərinə sərf edən məlumatları təqdim edir. Eyni məsələni mədəni irsin məhv olması barədə də söyləmək mümkündür. İnternetdə demək olar hər bir məqalə Qarabağdakı erməni mədəni irsinin məhvolma təhlükəsi altında olduğunu yazır, lakin son 30 ildə Azərbaycanın mədəni və dini abidələrinin işğal nəticəsində məhv edildiyini xatırladılmır. Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bu torpaqları tərk edərkən geridə 1945-ci ildə ABŞ-ın nüvə bombalarının yerlə-yeksan etdiyi Xirosima və Naqasaki şəhərlərinin vəziyyətini xatırladan mənzərə qalıb.

Qərb ictimai fikrində Qarabağ müharibələri Cənubi Qafqaz xristianlarla müsəlmanlar arasında qədim münaqişənin tərkib hissəsi kimi qələmə verilir. Lakin, əslində, Qarabağ müharibələrinin nə dini münaqişə, nə də sivilizasiyaların toqquşması kimi cəhəti var, burada söhbət yalnız ərazi iddialarından gedir. Ermənistan Sovet İttifaqının daxili sərhədlərini postsovet dövrünün beynəlxalq sərhədləri kimi tanımaqdan imtina edir. Əgər Ermənistan bu addımı atarsa, o zaman Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etmiş olacaq.

Bütün bu sadalananları nəzərə alaraq, Qərb insanları yanlış olaraq müsəlman Azərbaycanın Birinci Qarabağ müharibəsində əksər cinayətləri törətməkdə günahkar bilirlər. Lakin cinayətkarın Ermənistan olduğu unudulur. Müəllif Ermənistanın Azərbaycanın ərazilərini işğal etməklə yanaşı, iki ən ağır beynəlxalq cinayətini də sadalayır. Onlardan biri təxminən bir milyon mülki əhalinin Qarabağdan didərgin salınması ilə onların məcburi köçkünə çevrilməsi, digəri isə 1992-ci ildə Xocalı şəhərində 600-dən çox dinc sakinə qarşı törədilən qətliamdır. Qeyd edilir ki, sovet qoşunlarının qalıqlarının köməyi ilə Xocalıda törədilən bu cinayət azərbaycanlıları qorxutmaq üçün məqsədyönlü şəkildə hazırlanmış plan idi və Tomas de Vaalın qələmə aldığı Qarabağ haqqında kitabda Ermənistan dövlət başçısı Serj Sarkisyan bununla bağlı açıq etiraflar edib.

Məqalənin yekununda diqqətə çatdırılır ki, Birinci Qarabağ müharibəsində 4 mindən çox insanın itkin düşməsini nəzərə aldıqda, 2020-ci ildə ərazilər işğaldan azad edildikdən sonra kütləvi məzarlıqların aşkara çıxarılması təəccüb doğurmur. Müəllif bu barədə Kəlbəcər rayonu ərazisində tapılan və əlləri bağlanaraq qətlə yetirilmiş mülki şəxslər barədə də ətraflı məlumat verir.

Sonda qeyd edilir ki, beynəlxalq ictimaiyyət Ermənistana arxivləri açmaq və itkin düşmüş 4 min azərbaycanlı barədə məlumatları təqdim etmək üçün təzyiq göstərməlidir.

Mənbə: azertag.az