ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI

ABŞ prezidenti olmaq uğrunda qocaların YARIŞI

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ötən həftənin sonunda Britaniyanın “GB News” nəşrinə bildirib ki, 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakının mümkünlüyünü istisna etmir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.

 

Brexit (Britaniyanın Avropa İttifaqından ayrılması) prosesinin lideri Naycel Farajın “cəhənnəmə” niyə qayıtmaq barədə sualına Tramp belə cavab verib: “Ölkənizi sevirsinizsə, başqa seçiminiz yoxdur”.

“The Washington Post” qəzetinin yazdığına görə, demokratlar arasında qorxuya baxmayaraq, ABŞ prezidenti Co Bayden də yaxın ətrafını və Demokrat partiyasının donorlarını 2024-cü il prezident seçkilərini hədəflədiyinə əmin edib. Prezident postu uğrunda yarışın qızğın vaxtında Baydenin 81 yaşı tamam olacaq.

Tramp da cavan deyil, o, seçkilər vaxtı 78 yaşını qeyd edəcək. “The Hill” qəzeti “Harvard CAPS/Harris Poll”a istinadən bildirir ki, eks-prezident respublikaçılar arasında 47% dəstək alıb və onlara potensial namizədlər kimi bir çox variant təklif olunub. Florida ştatının qubernatoru, həm də potensial ikinci namizəd Ron De Santis cəmi 10% toplayıb. Təklif olunan başqa heç bir namizəd ikirəqəmli seçici dəstəyi almayıb.

Bu nəticələri şərh edən siyasi analitik və eks-prezidenti dəstəkləməyən respublikaçı Lüsi Kaldvel bildirib ki, Trampın təsiri müəyyən qədər azalsa belə, o, “hələ də partiyanın özəyini saxlayır və həqiqətən də onun siyasətini müəyyən edə bilir”.

Trampa rəğbət bəsləyən başqa respublikaçı strateq Ford Okonnell deyir ki, Donald Trampdan böyük güc yoxdur: “Namizəd olmaq istəyirsə, çox yaxşı şansı var”.

Partiyada şayiələr gəzir ki, keçən il yanvarın 6-da Kapitoliyə hücumdan sonra Mayk Pensin əvəzinə Tramp vitse-prezidentliyə namizəd kimi Florida qubernatoru De Santisi seçəcək və bu da həqiqətən güclü ittifaq olacaq.

Əksər analitiklər Trampın həqiqətən 2024-cü ildə seçkilərə getməyəcəyinə və qeyri-rəsmi lider rolu ilə kifayətlənəcəyinə inanırlar.

Bu fikri, xüsusən də Tramp administrasiyasında Ağ Evin keçmiş aparat rəhbəri Con Kelli “The Atlantic” nəşrinə müsahibəsində bildirib . “Tramp namizəd olmayacaq… O, bu barədə danışmağa davam edəcək, hətta deyə bilər, amma seçkilərdə iştirak etməyəcək”, – deyə nəşr keçmiş məmurun sözlərindən sitat gətirir. Bəzi analitiklər hesab edirlər ki, yuxarıda adı çəkilən Mayk Pens namizədliyə ən çox ehtimal olunan namizəddir.

Tramp administrasiyasının digər keçmiş rəsmisi Entoni Skaramuççi də eks-prezidentin 2024-cü ildə seçkilərə getməyəcəyi ilə bağlı fikirlərini bildirib.

Demokrat Partiyasında namizədliyə əsas iddiaçının kimin olması ilə bağlı fikir birliyi yoxdur. “Washington Post” hesab edir ki, Ağ Ev rəhbəri yeni müddətə namizəd olmaq niyyətindən danışaraq, partiya mühitindən iddialı siyasətçilərin indidən namizədlik uğrunda mübarizəyə başlamaq cəhdlərinin qarşısını almağa çalışır. Qəzet yazır ki, Ağ Evin etdiyi vitse-prezident Harrisin və hazırkı hökumətə daha yaxın olan digər potensial prezidentliyə iddialı olan şəxslərin namizədliyi üçün yer təmin etmək cəhdi ola bilər./Modern.az

Mənbə: konkret.az