Yaponiya Rusiya və Çin arasında möhkəmlənən ittifaqdan narahatdır.
Yaponiyanın Müdafiə Nazirliyinə bağlı Milli Müdafiə Tədqiqatları İnstitutu (NIDS) tərəfindən hazırlanan hesabat yaxın onillikdə ABŞ və Çin-Rusiya bloku arasında artan rəqabətə işarə edir. Tokioda xüsusi narahatlıq doğuran məqam Çin və Rusiya donanması və hərbi hava qüvvələrinin Yapon dənizində birgə təlimləri, eləcə də bu ilin əvvəlində Yaponiya adaları yaxınlığında birgə manevrlərdir.
Daito Bunka Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Qarren Malloya görə, bu NIDS hesabatı son illərdə Yaponiyada aparılan bir sıra ağ sənədlərin və tədqiqatların məzmunu ilə əlaqələndirilir. Tokio Yaponiya yaxınlığındakı təlimlər zamanı Çin və Rusiya hərbçiləri arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsindən narahatdır, baxmayaraq ki, bu, Yaponiya üçün “kabus ssenarisi”nin yalnız bir hissəsidir. Professor qeyd edir ki, yaranmaqda olan bu ittifaq Yaponiya üçün ən pis vəziyyət deyil, lakin yenə də müəyyən təhlükə yaradır. Ən pis ssenari bu ittifaqın gücləndirilməsi və ABŞ qoşunlarının Hind-Sakit okean regionundan çıxarılması ola bilər.
Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə vurğulayıb ki, Ukraynada xüsusi əməliyyat başlayandan sonra Tokio Moskvaya qarşı düşmən mövqe tutub. Diplomatlar Rusiya əleyhinə sanksiyaların tətbiqinə, silahların Kiyevə ötürülməsinə, yapon cəmiyyətində rusofob əhval-ruhiyyənin qızışdırılmasına və Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında Yaponiya, ABŞ və NATO-nun hərbi fəallığının artmasına diqqət çəkiblər.
Mənbə: publika.az