Türkiyənin yeni silahı ABŞ-ı niyə qorxudur?

Türkiyənin yeni silahı ABŞ-ı niyə qorxudur?

BAKI, 11 iyul — Sputnik. ABŞ hər vəchlə Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışır. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam veriləcəyi ilə təhdid edib.

Buna baxmayaraq Rusiya və Türkiyə arasında razılaşma plana uyğun olaraq yerinə yetirilir.

AFP 2019 / Atta Kenare

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, "S-400"lərin Türkiyəyə tədarükü artıq bu həftə başlayacaq.

Bəs ABŞ niyə "S-400"lərin Türkiyəyə satışından belə narahatdır? Onu qorxudan nədir?

NATO-da artıq bu sualın cavabını verməyə çalışıblar. Şimali Atlantika Alyansı belə bir qənaətə gəlib ki, Türkiyənin həm "S-400" sistemlərini, həm də "F-35" qırıcı təyyarələrini eyni vaxtda istifadə etməsi nəticəsində təyyarənin gizli saxlanılan texniki və döyüş xüsusiyyətləri aşkara çıxacaq.

Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvü Sergey Sudakov bunu belə izah edib: "Türkiyə bir tərəfdən NATO üzvü kimi "F-35" təyyarələrini, o biri tərəfdən isə elə bu təyyarələrin məhvi üçün nəzərdə tutulmuş "S-400" sistemlərini alır".

"ABŞ "F-35" qırıcı-bombardmançı təyyarələrini "S-300" və "S-400" sistemlərini məhv etməyə qadir müasir silah növü kimi qələmə verir. Lakin onun bu iddiası sübut olunmayıb. Amerikalılar çox qorxurlar ki, yeni zenit-raket komplekslərinin köməyi ilə Türkiyə "F-35"lərdə tətbiq olunmuş innovasiyaları dəf etməyi bacaran bir sistem yaradacaq. Yəni Türkiyə ilə NATO arasında hər hansı bir münaqişə başlasa, Amerika təyyarələri effektivliyini tamamilə itirəcək", - Sudakov RİA Novosti-yə deyib.

Vaşinqton isə təbii ki, bunu istəmir.

"S-400" sisteminin ABŞ-ı narahat edən daha bir üstünlüyü də var – bu onun "çəkindirici" faktor olmasıdır.

Bu komplekslər artıq Suriyada öz effektivliyini nümayiş etdirib. Keçən ilin sentyabrında "İl-20" kəşfiyyatçı təyyarəsi ilə bağlı baş vermiş insidentdən sonra Suriya ordusu bir neçə "S-300V4" komplekslərini əldə edib.

REUTERS / Axel Schmidt

Bundan dərhal sonra ABŞ-ın başçılıq etdiyi koalisiyanın, o cümlədən İsrail təyyarələrinin Suriya üzərində uçuşları kəskin şəkildə azalıb. Bir sözlə, bu sistemlər koalisiyanı hava hücumlarından çəkindirən bir faktora çevrilib.

"S-400"lərin birinci alıcısı Pekin olub. Çin ordusu artıq neçə ildir ki, bu sistemlərdən uğurla istifadə edir.

Türkiyədən sonra isə "S-400"lərin növbəti müştərisi Hindistandır. Rusiya bu komplekslər üçün avansın bu ilin sonuna qədər ödəniləcəyinə ümid edir. Avans bu il ödənilsə, komplekslərin Hindistana tədarükü 2020-ci ildə başlaya və 2025-ci ildə başa çata bilər.

Rusiya istehsalı zenit-raket komplekslərinin daha bir potensial müştərisi də İrandır. Tehrandan hələ rəsmi təklif gəlməsə də, Moskva danışıqlara hazırdır.

Mənbə: sputnik.az