Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi prioritet siyasi məsələlərlə bağlı BMTM-də fikir mübadiləsi aparılıb

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi prioritet siyasi məsələlərlə bağlı BMTM-də fikir mübadiləsi aparılıb

Yanvarın 14-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi prioritet siyasi məsələlərlə bağlı media nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, tədbiri açan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin müsahibəsində ölkəmizin xarici siyasəti, beynəlxalq hüquq ilə bağlı toxunduğu məqamlardan bəhs edib: “Prezident İlham Əliyev hakimiyyət gələn zaman beynəlxalq hüquqa ümid edirdi. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Amma bütün bunlar baxmayaraq, bizim gücümüz bütün sənədlərin təsdiqi oldu və Azərbaycan öz gücü ilə ədaləti bərpa etdi. Bu gün bizim məqsədimiz diplomatik yolla sonrakı məsələləri həllə etməkdir. Ermənistanı məcbur etməliyik ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Prezident İlham Əliyevin müsahibə zamanı dediyi kimi əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyü tanımayacağıq”.

Ermənistanda hazırki siyasi vəziyyətin gərgin olduğunu söyləyən Fərid Şəfiyev bildirib ki, bu ölkədə xarici siyasət üçüncü dövlətlər tərəfindən idarə olunur. Onlar Azərbaycan ilə Ermənistan arasında sülh sənədinin imzalanmasını istəmirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova, şöbə müdiri Fuad Çıraqov, baş məsləhətçi Vasif Hüseynov Azərbaycan-Avropa İttifaqı münasibətlərindən, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinin Avropa üçün önəmindən, ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirdikləri mövqedən, regionumuzda və beynəlxalq münasibətlər sistemində baş verən proseslərdən bəhs ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrdən də ətraflı bəhs etdi. Azərbaycanın Aİ ilə əlaqələri təkcə üzv dövlətlərlə yox ümumiyyətlə İttifaqın özü ilə müsbət yöndə inkişaf edir. İstər Şarl Mişelin ölkəmizə, istər də Prezident İlham Əliyev Brüsselə səfəri çox önəmli hadisələr idi. Avropa İttifaqı Azərbaycanın Ermənistan ilə əlaqələrinin yaxşılaşdırılmasına töhfə vermək istəyir.

Mənbə: azertag.az