Qərb politoloqu: Türkiyə Ermənistandan Azərbaycanla problemlərini həll etməsini və nəqliyyat dəhlizlərini açmasını tələb edir

Qərb politoloqu: Türkiyə Ermənistandan Azərbaycanla problemlərini həll etməsini və nəqliyyat dəhlizlərini açmasını tələb edir

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə danışıqlarda rəsmi Ankara qarşı tərəfdən Azərbaycanla problemlərini həll etməyi və kommunikasiyaları, ilk növbədə, Zəngəzur dəhlizini açmağı tələb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərb politoloqu, “Heritage” Fondunun Daqlas və Sara Elison Mərkəzinin direktoru Lyuk Kofinin “Arabnews” qəzetində dərc olunmuş analitik məqaləsində yer alıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 30 ilə yaxın müddətdə Ankara ilə Yerevan arasında diplomatik münasibətlərin qurulmaması, habelə sərhədlərin bağlı olmasının səbəblərindən bəhs edən müəllif qeyd edir ki, yoxsul və bütün transmilli, regional layihələrdən kənarda qalmış Ermənistan qonşuları ilə əlaqələri normallaşdırmağa məcburdur. Bu, xüsusən Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsindən sonra daha aktualdır. Azərbaycanla sərhədlərin demarkasiyasını həyata keçirmək, sülh müqaviləsi imzalamaq, nəqliyyat dəhlizlərini açmaq erməniləri gələcək humanitar fəlakətlərdən də xilas edə, eyni zamanda, regionun inkişafına təkan verə bilər.

“Müharibədə Qələbə qazanaraq torpaqlarını işğaldan azad etmiş Azərbaycan regional inkişaf və quruculuq, dayanıqlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirir. Digər tərəfdən, Cənubi Qafqazın ən yoxsul ölkəsi olan Ermənistanın da sülhə və qonşuları ilə əməkdaşlığa ehtiyacı var. Türkiyənin danışıqlarda israr etdiyi tələblər yerinə yetirildiyi təqdirdə regionda təhlükəsizliyi və tərəqqini təmin etmək mümkün olacaq”, - deyə L.Kofi sonda yazır.

Oqtay Bayramov

Mənbə: azertag.az