Qədim Şuşa tarixən Azərbaycanın ayrılmaz bir parçası olub

Qədim Şuşa tarixən Azərbaycanın ayrılmaz bir parçası olub

Zaqatala, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncam xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəddir. Şuşa şəhəri tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatının mühüm mərkəzlərindən biri olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Danaçı kənd 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən “Şuşa Azərbaycanın gözüdür” adlı tədbirdə səsləndirilib.

Tədbirdə Mərkəzin əməkdaşları və məktəbin müəllimləri çıxış edərək Qarabağın döyünən ürəyi olan Şuşa şəhərinin Azərbaycanın mədəni və ictimai-siyasi həyatındakı yeri və rolu barədə geniş məlumat veriblər. Çıxışlarda Şuşanın tarixən Azərbaycanın ayrılmaz bir parçası olduğu xüsusi vurğulanıb.

Məktəbin peşə təmayüllü sinfinin müəllimi, Vətən müharibəsi qazisi Azər Məmmədov torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Şuşa uğrunda gedən döyüşlər barədə danışıb.

Tədbirin sonunda Şuşa şəhəri ilə bağlı sənədli film nümayiş etdirilib.

Mənbə: azertag.az