“Human Rights Watch” 44 günlük müharibəyə görə Azərbaycandan qisas alır

“Human Rights Watch” 44 günlük müharibəyə görə Azərbaycandan qisas alır

“Human Rights Watch” (HRW) təşkilatı 2021-ci il üzrə hesabatını açıqlayıb. Dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edib, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri dəyərləndirib.

Təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, “müharibə zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb”

Çalışıblar ki, hesabat “obyektiv” görünsün, ayrı-ayrı ölkələr üzrə subyektiv yanaşmanın olması aşkara çıxmasın. Məsələn, hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə - hər birinə 7 səhifə həcmində- yer ayırıblar. Yaxud, hesabatın həm Azərbaycana, həm də Ermənistana aid hissəsi II Qarabağ müharibəsinin doğurduğu nəticələrin təsviri ilə başlayır. Həmin nəticələrin aradan qaldırılması yönündə 2021-ci ildə aparılan fəaliyyətlərdən bəhs edilir. “Qərəzsiz görüntü”nü təmin etmək üçün digər texniki fəndlərdən də istifadə ediblər. Amma hesabatın “obyektivliyi” yalnız zahiri görüntüdədir. Məzmun bərbad, faktların əksəriyyəti qondarmadır (https://reliefweb.int/sites/reliefweb.int/files/resources/World%20Report%202022%20web%20pdf_0.pdf ).

HRW ekspertləri ən böyük xətanı da məhz “Altı günlük müharibəsinin doğurduğu nəticələr” bölümündə törədiblər. Nəticələri saxtalaşdırıblar. Savaşın və dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa çalışıblar. Müəlliflər elə cümlələr qurub, elə terminlər işlədiblər ki, sanki Azərbaycan işğal altında olan ərazilərini azad etməyib. Əksinə, Ermənistana hücum edərək onun torpaqlarını ələ keçirib. Təkcə ifadələr, cümlələr deyil, rəqəmlər, arqumentlər də ziddiyyətlidir. Qeyd edilir ki, “rəsmi məlumatlara görə, müharibənin gedişində Ermənistan tərəfində azı 71, Azərbaycan tərəfində isə 54 məktəb dağıdılıb”.

Müəlliflər eyni məzmunu hesabatın Ermənistana aid bölmsində də yerləşdiriblər. (https://www.hrw.org/world-report/2022/country-chapters/armenia ). Qeyri-müəyyən durum yaradıblar. Aydın deyil: Ermənistan ərazisində müharibə olmuşdumu ki, oradakı məktəblər də dağıdılsın? Digər yandan, rəqəmlər arasındakı fərq də şübhəlidir. Necə olur ki, ərazisində müharibə gedən Azərbaycanda 54 məktəb, sərhədlərinə müdaxilə edilməyən Ermənistanda isə 71 məktəb dağıdılır?

Hesabatın davamını oxuduqca aydınlaşır ki, HRW ekspertləri Ermənistanı haqlı çıxarmaq, Azərbaycanı təcavüzkar kimi qələmə vermək üçün hər fürsətdən faydalanıblar. Azərbaycan silahlı qüvvələrini “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayıblar. Həmçinin, “..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” ittiham ediblər. Bu təqdimatlarının gerçəklik dərəcəsini qüvvətləndirmək məqsədilə bir sıra beynəlxalq təşkilatlardan “sitatlar” gətiriblər. Məsələn, Birləşmiş Millətlər Təşkilatının bəyanatından nümunə veriblər. "BMT-nin insan haqları üzrə ekspertləri Azərbaycana çağırış edərək münaqişə zamanı əsir götürülmüş erməni hərbçilərin azad edilməsini, cəsədlərin ailələrinə qaytarılmasını istəyiblər”-deyə HRW hesabatında qeyd olunur. Ardınca Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəyanatlarına da istinad edilib. Həmin qətnamələrdə “erməni əsirlərini qeyd-şərtsiz azad etmək üçün” Azərbaycana çağırış edildiyi vurğulanıb. Elə təsvir verilib ki, guya bu qətnamələrin, bəynatların hər biri Azərbaycana qarşı olub. Hansı ki, reallıqda həmin bəyanatlar anti-Azərbaycan xarakterli olmayıb. Əksinə, hər iki ölkəyə-həm Azərbacana, həm də Ermənistana-ünvanlanıb. HRW-nin hesabatında bu qətnamə və bəyanatlar kontekstdən çıxarılmış formada, birtərəfli qaydada təqdim edilib.
.
Həmçinin, BMT-nin, Avropa Parlamentinin, Avropa Şurasının qeyd edilən bəyanatları üzrə Azərbaycanın cavabları barədə heç nə yazılmayıb. Məsələ ondadır ki, Azərbycanın həmin bəyanatlara cavabında “əsir” adlandırılan şəxslərin müharibədən sonra sərhədlərimizi keçən terrorçular olduqları sübuta yetirlib. Amma HRW-nin hesabatda Azərbaycanın cavab bəyanatları barədə bircə cümlə də işlədilmir. Müharibənin bitməsindən sonra sərhədləri keçib təxribatlar törədən erməni terroristlər mövzusuna toxunulmur.

Hesabatdakı təsvirləri oxuyan şəxsdə elə təəssürat yarana bilər ki, sanki “ermənilər öz evlərində oturub əmin-amanlıq içində yaşayır, sülh istəyirmişlər. Azərbaycan isə 44 günlük müharibə zamanı təcavüz edib, onların hüzurunu pozub”. HRW beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar adlandıran qətnamələrindən qətiyyən bəhs etməyib. BMT-nin Ermənistanı işğalçı adlandıran 4 qətnaməsinin adını çəkməyib. Əgər hesabatda reallığı əks etdirmək istəkləri olsaydı, BMT-nin, AŞ-nin, Avropa Parlamentinin arxivlərinə getməyə zərurət də qalmazdı. 44 günlük müharibədə kimin günahkar olduğunu, hüquqa zidd davrandığını, məktəbləri, xəstəxanaları dağıtdığını göstərən faktlar “Human Rights Watch”un öz arxivində də var.

BBC 28 Oktyabr 2020-ci il tarixdə “Human Rights Watch Azərbaycanda araşdırma aparacaq” başlığı ilə məqalə yayımlayıb. Məqalədə qeyd edilir ki, “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Human Rights Watch və Amnesty International təşklilatlarını Azərbaycana dəvət edib” (https://www.bbc.com/azeri/54722575 ). HRW-nin Avropa və Orta Asiya şöbəsinin müdiri Giorgi Qogia “BBC News Azərbaijan” üçün müsahibəsində faktı təsdiqləyib. “Ermənistanın raket zərbələri nəticəsində Bərdənin mərkəzində 20-dən çox adamın ölməsi, 70-dən çox şəxsin yaralanmasından sonra rəsmi Bakı hər iki təşkilatı münaqişə bölgəsində araşdırma aparmaq üçün dəvət edib”-deyə BBC yazır. Bundan sonra HRW ekspertləri Azərbaycana gəliblər, 44 günlük müharibənin gedişatı, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd hərəkətləri barədə araşdırma aparıblar. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb, 11 dekabr tarixində yayımlayıblar (https://www.hrw.org/az/news/2021/01/28/377321 ). Human Rights Watch təşkilatının həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər. Ən azı dörd ayrı hadisə zamanı mülki şəxslərin və ya mülki obyektlərin raket hücumuna məruz qaldığı aşkarlanıb”. Təşkilatın Avropa və Orta Asiya üzrə rəhbəri Hugh Williamson həmin məruzədə qeyd edib ki, “Ermənistanın hərbi qüvvələri müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atıblar, ağır artilleriya zərbələri endiriblər. Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinində bu cür faktlar qeydə alınıb. 40 mülki vətəndaşın öldürülməsi, bir çoxunun yaralanması ilə nəticələnən 18 hücum faktı da müşahidə edilib. Bütün bu faktları əks etdirən 10 peyk görüntülərinə baxılıb”.

“Human Rights Watch” 11 dekabrda yayımladığı məruzədə əks etdirdiyi bu faktları 13 yanvarda yayımladığı ümumi illik hesabatına daxil etməyib. Elə bil ki, bu məruzə heç olmayıb, onu arxivində gizlədib saxlayıb. Məsələ ondadır ki, 11 dekabr məruzəsində əks etdirilmiş faktlar nisbətən Azərbaycanın lehinə, 13 yanvar hesabatında əks etdirilən arqumentlər isə tamamilə əleyhinədir. Aralarında kəskin təzad, ziddiyyət var. Yuxarıda təqdim etdiyimiz linklərdə bu uyğunsuzluq çox aydın görünür.

Hesabatda Azərbaycanın ziddinə olaraq verilmiş arqumentlər qondarmadır, qərəzli şəkildə uydurulub. HRW 11 dekabr tarixli məruzəsində yer tutmuş faktları bu hesabatda dolayısı ilə inkar edir. HRW nəinki BMT-nin, AŞ-nin, Avropa Parlamentinin Azərbaycanın nəfinə olan bəyanatlarına istinad etməyib, heç öz arxivinə də baxmayıb, ölkəmizin nəfinə bircə kəlmə işlətməyib. Əksinə, Azərbaycanı gözdən salmağı, imicinə ləkə vurmağı hədəfləyib.

2021-ci il üzrə hesabatın giriş hissəsi bu cür qondarma, qərəzli “faktların” təqdimatı ilə başlayırsa, onun digər hissələrinə etimad göstərməyə, şərh verməyə zərurət qalırmı? Fikrimcə, yox. Çünki, digər fəsillərdə də eyni saxtakarlıq təkrarlanır. Bir nümunə verməklə fikrimizi isbatlaya. Ermənistanda 44 günlük müharibə dövründən başlayaraq media fəaliyyətini məhdudlaşdran çoxsaylı addımlar atılıb. Ermənistan parlamenti 2021-ci il oktyabrın 5-də Mülki Məcəllə və “Diffomasiya qanunu”a yeniliklər edilməsini təsdiqləyib. Həmin yeniliyə görə “təhqir” və “böhtan” halları üzrə cərimələrin maksimal həddi üç dəfə artırılıb. "Təhqir" üzrə cərimənin maksimal həddi 5,400 avro, "böhtan" üçün təxminən 11,000 avro nəzərdə tutulub. Ermənistan Jurnalistlər Birliyi (AJU) bu “yenilikləri” pisləyən bəyanatla çıxış edib, onu “ifadə azadlığının məhdudlaşdırılması üçün quraşdırılmış tələ” kimi şərh edib. Avropa Jurnalistlər Federasiyasının (EFJ) bəyanatında qeyd edilib ki, dəyişikliklər demokratiyanın əsas sütunlarından biri olan söz azadlığı hüququnu ciddi şəkildə məhdudlaşdırır. (https://europeanjournalists.org/blog/2021/10/22/armenia-new-law-restricts-the-freedom-of-the-press/ ).
Ermənistan Jurnalistlər Birliyinin açıqlamasına görə, diffomasiya halları üzrə cərimələrin maksimal həddə çatdırılması barədə təşəbbüslərin səbəbi “Facebook istifadəçilərinin kampaniya keçirərək baş nazir Nikol Paşinyanın şəkillərinə təhqiramiz hesab edilən şərhlər yazmaları olub”.

“Open Caucasus Media” (OC Media) saytında dərc edilən təhlildə isə bildirilir ki, ölkədə “anonim mənbələrə istinadlara görə cərimə”nin tətbiqini qanunləşdirən təşəbbüslər də jurnalistlər üçün ciddi zərbədir. Bu təklifə görə, mülkiyyət sahibi, real təsisçisi bilinməyən saytlar və ya sosial media hesablarına mənbə olaraq istinad edən KİV qurumları 500.000 dram (1770 AZN) məbləğində cərimə olunacaqlar. Ekspertlər hesab edirlər ki, dəyişiklikdən sonra jurnalistlərin öz reportajlarında onlayn mənbələrdən istifadə etmələri imkansız olacaq. Bu, insanların rəqəmsal platformalar vasitəsilə çox ünsiyyət qurduqları bir dövrdə ciddi maneədir.
( https://openinternet.global/news/armenias-new-digital-disinformation-bills-threaten-free-speech-and-press-freedom ) .

Media fəaliyyətini məhdudlaşdıran digər bir dəyişiklik təşəbbüs isə “Hərbi vəziyyət dövrü” üçün nəzərdə tutulub. Təklifə əsasən, hərbi vəziyyət dövründə vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar xidmətdə olan rəsmi şəxsə qarşı təhqir və ya böhtana yol verilməsinə görə cərimələr kəskin şəkildə artırılıb. 3.000.000 dram (10.625AZN) məbləğində cərimə, yaxud 2 ilə qədər həbs cəzası nəzərdə tutulub. Ermənistan insan hüquq müdafiəsi təşkilatlarının məlumatlarına görə, hərbi vəziyyə rejiminin ləğvinədək bu “yeniliklər” 13 media qurumu və 62 nəfər fərdi xəbər istehsalçısına tətbiq edilib ( https://www.bbc.com/azeri/region-58040505 ).

Azad informasiya dövriyyəsini məhdudlaşdıran qərar və qanunların sayı Ermənistanda 2021-ci ildə həddən artıq çoxalıb, pik nöqtəyə çatıb. Məlumat Azadlığı Mərkəzinin hesabatına görə, Ermənistanda 2020-21-ci illərdə media insidentlərinin sayı 2018-19-cu illərə nisbətdə (134 hadisə) artaraq 177-yə çatıb. Jurnalistlərə qarşı 6 fiziki zorakılıq halı qeydə alınıb. Mediaya qarşı məhkəmə iddialarının sayı 72-yə yüksəlib. “Freedom House” bütün bunları nəzərə alaraq, “keçiddə olan ölkələr-2021 ” hesabatında Ermənistanın adını “avtoritar rejimlər” siyahısına daxil edilib ( https://freedomhouse.org/country/armenia/nations-transit/2021 ) (https://jam-news.net/why-freedom-of-speech-remains-questionable-in-post-revolutionary-armenia/ ).

Amma qəribə odur ki, bütün bunların heç biri Human Rights Watch təşkilatının 2021-ci il üzrə nə gündəlik bülletenlərində, nə də illik hesabatında yer tutmayıb. HRW-nin hesabatında Ermənistanda baş vermiş 177 hadisədən yalnız 2-nə yer ayrılıb. Niyə, səbəb nədir? HRW-nin Ermənistana qarşı belə yanaşmasının kökündə nə dayanır?

Suala aydınlıq gətirmək üçün bir nümunə verək. 2020-ci il may ayının 24 -də Fransanın Bordo şəhərində yəhudi qəbiristanlığı viran edilmişdi. Həmin vaxt Yəhudi icması açıqlama yaymışdı ki, antisemitizm, irqçilik, faşism meyllərinin sürətlə artması səbəbindən Fransanı tərk edib getmək üzərində düşünürlər. “Yerusəlim Post” qəzetində çıxış edən tədqiqatçı Eva Cossé yazırdı ki, bəzi beynəlxalq statuslu təşkilatlar da ikili davranırlar, dolayısı ilə antisemitizmə dəstək verirlər. Bu sırada “Human Rights Watch”u nümunə göstərmişdi. Qeyd etmişdi ki, “Human Rights Watch”kimi təşkilatlar öz maraqlarını təmin etmək naminə ikiüzlü siyasət yürüdür, bu sırada antisemitizm, irqçilik və faşizm meylli hərəkətlərin alovlanmasını da stimullaşdırırlar.

ABŞ-ın nüfuzlu "The Wall Street Journal" nəşri də eyni mövzuya toxunub, özünü beynəlxalq insan haqları təşkilatı elan edən “Human Rights Watch"un maxinasiyalarına işıq salmışdı. Corc Meyson Universitetinin hüquq professoru və Qüdsdəki "Kohelet Policy Forum" mərkəzinin araşdırmaçısı olan Yevgeni Kontoroviç yazmışdı ki, HRW İsrail və yəhudilər üzərinə olan ikiüzlü hücumları yeni müstəviyə qaldırıb. O, “Human Rights Watch" təşkilatının Yaxın Şərq və Şimali Afrika sektorunun direktoru Sara Li Uitsonun hərəkətlərindən nümunələr göstərmişdi. Qeyd etmişdi ki, Sara Li Uitson insan haqları mövzusunu manipulyasiya edir : “O, şəxsi və təşkilati maraqlarının təmin edilməsi yolunda çalışan biridir. Amma nəzərə almır ki, kiçik maraqlarının təmin edilməsi üçün dünyanı lərzəyə salacaq proseslərə yol açır, antisemitizmi, irqi ayrıseçkiliyi alovlandırırlar”.

Yevgeni Kontoroviç fikirlərini sübut etmək üçün Sara Li Uitsonun Azərbaycana qarşı münasibətini nümunə göstərirdi. “Sara Li Uitson Dağlıq Qarabağda Ermənistan tərəfindən aparılan işğalçılıq və məskunlaşma prosesini qətiyyətlə dəstəkləyir. Hansı ki, Uitsonun qanunsuz məskunlaşmanı dəstəklədiyi ərazi- Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Ermənistan bu regionu işğal edib”-deyə Yevgeni Kontoroviç yazırdı.
Yevgeni Kontoroviç qeyd edirdi ki, erməni ailəsində anadan olmuş Sara Li Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Qarabağa yardım kampaniyasının təşkilatçısı qismində çıxış edib. Həmçinin, Tvitter hesabında Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir (https://news.milli.az/politics/870142.html ). Uitson Qarabağda yeni erməni yaşayış məskənlərinin salınmasını maliyyələşdirən təşkilata da dəstək verir. İşğal edilmiş Azərbaycan ərazilərində suriyalı ermənilərin məskunlaşdırılmasını dəstəkləyir”.

Yevgeni Kontoroviç məqaləsinin sonunda qeyd edirdi ki, “Bütün bunlar Uilsonun insan haqlarının müdafiəçisi adı altında fəaliyyət göstərən ən böyük insan haqları pozucusu olduğunu göstərir. Amma bu, təkcə Uitsonun şəxsi xarakteri deyil, həm də təmsil olunduğu Human Rights Watch-un mahiyyətinin göstəricisidir. Belə bir təşkilatın hesabatı obyektiv, doğru-düzgün qəbul edilə bilməz”.

Müşfiq Ələsgərli

Mənbə: qafqazinfo.az