Almaniya Ukraynaya hərbi məhsulların tədarükü ilə dəstək verməyə hazırdır...

Almaniya Ukraynaya hərbi məhsulların tədarükü ilə dəstək verməyə hazırdır...

Almaniyanın hakim koalisiyasının bir sıra nümayəndələri Ukraynaya dəbilqə, gülləkeçirməz jiletlər kimi hərbi qoruyucu vasitələrin və pilotsuz uçuş aparatlarına qarşı qurğuların tədarükünün mümkünlüyünü bildiriblər. Eyni zamanda, Berlin böhranlı bölgələrə silah verməkdən imtina prinsipinə sadiq qalacaq.

Bu barədə Almaniyanın “Die Welt” nəşri xəbər verir. Nəşr yazır ki, Ukrayna və Rusiya arasında artan gərginlik fonunda Almaniya hakim koalisiyası Kiyevə hərbi məhsulların tədarükü ilə dəstək verməyə hazırdır. Bundestaqın xarici siyasət komitəsinin sədri Maykl Rotun sözlərinə görə, koalisiya sazişində böhranlı bölgələrə silah tədarükünü qadağan edən bənd var. Siyasətçi qeyd edib ki, bu prinsip saxlanılmaqdadır, lakin dəbilqə və gülləkeçirməz jilet kimi qoruyucu vasitələrin tədarükü müzakirə oluna bilər.

Bu sözləri “Azad Demokratlar” partiyasından olan deputat Markus Faber də təsdiqləyib. O, dəbilqə, gülləkeçirməz jiletlər, eləcə də pilotsuz uçuş aparatlarından qoruyan qurğuların tədarükünün mümkünlüyünü açıqlayıb.

Nəşrin verdiyi məlumata görə, gələn həftənin əvvəlində Almaniyanın xarici işlər naziri Annalena Berbok Moskva və Kiyevə səfərə gedəcək. Yaşılların deputatı Yurgen Trittinin sözlərinə görə, bu səfər Rusiya tərəfinin fikir mübadiləsində maraqlı olub-olmadığını göstərəcək. O, həmçinin qeyd edib ki, Bürbok Ukrayna ilə bağlı münaqişənin silah tədarükü ilə həll edilə bilməyəcəyini vurğulamaq niyyətindədir.

Bu arada Avropa Xalq Partiyasının lideri Manfred Veber Aİ-ni Ukrayna böhranı ilə bağlı birləşməyə çağırıb. Siyasətçi bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi halında Brüssel “qətiyyətli reaksiya” verməyi bacarmalıdır. Bundan əlavə, Veber Almaniyanı Rusiyaya qarşı aydın mövqe tutmağa çağırıb.

Mənbə: ednews.net