“Sky News”un Almatıdan reportajı: ölənlərin çoxu başından güllələnib

Böyük Britaniyanın “Sky News” kanalının internet səhifəsində Qazaxıstanın Almatı şəhərindən reportaj dərc edilib. Məlum olduğu kimi, bu il yanvarın 1-dən Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, ölkənin müxtəlif bölgələrində, xüsusilə Almatı şəhərində hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlar baş verib, qanlı hadisələrdə xeyli adam həlak olub, yaralanıb və tutulub. Yanvarın 5-də hökumət istefaya göndərilib, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin gün prezident Qasım-Comərd Tokayev sabitliyin bərpası üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin hərbi kontingenti Qazaxıstana yeridilib. Yanvarın 11-i Qazaxıstanda yeni hökumət qurulub, vəziyyət sabitləşməyə başlayıb, bir çox bölgədə fövqəladə vəziyyət rejimi ləğv edilib. Yanvarın 13-dən KTMT hərbçiləri Qazaxıstandan çıxarılır.

Avropa.info novator.az-a istinadən “Sky News” kanalının Moskva müxbiri Diana Maqneyin Almatı şəhərindən hazırladığı reportajın mətnini ingiliscədən çevirərək təqdim edir.

Almatı şəhərində meriya binasına yaxınlaşanda yanmış pəncərələrdən qopub tökülmüş şüşələrin, metalların xırçıltısını duyursan.

Etirazçılar meriya binasını yanavrın 5-də yandırıblar. İndi fəhlələr binada təmizləmə və bərpa işləri aparırlar. Belə görünür ki, iş hələ uzun çəkəcək.

Almatı yavaş-yavaş özünə gəlir. Banklar, idman zalları, restoranlar açılıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyası, o cümlədən rusiyalı hərbçilər şəhərdən çıxırlar.

Almatı hava limanı yenidən fəaliyyətə başlayıb, yanvarın 14-dən beynəlxalq reyslər bərpa olunub.

Başı qarlı dağlarla əhatələnmiş, sovet imicini hələ itirməmiş bu şəhərdə həyat öz axarına qayıdır.

Qazaxıstandakı etiraz aksiyalarında səsləndirilən şüarlardan biri belə idi: “Qoca, get”. Bununla nümayişçilər hələ sovet dövründən – 1989-cu ildən Qazaxıstana rəhbərlik etməyə başlayan, müstəqillik dövründə prezident kimi rəhbərliyini davam etdirən və 2019-cu ildə prezident postunu təhvil verəndən sonra da ölkədə liderliyi əlində saxlayan Nursultan Nazarbayevi hakimiyyətdən birdəfəlik getməyə çağırırdılar.

Prezident Qasım-Comərd Tokayevin son günlər mühafizə qurumlarında apardığı kadr dəyişiklikləri gostərir ki, deyəsən, qoca doğrudan da gedib. Amma nəyin bahasına – buna dəyərdimi?

Hakimiyyətin əvvəllcə 164 nəfərin həlak olduğunu açıqlaması, sonra bunu təkzib etməsi ölənlərin sayının gizlədildiyi təəssüratını doğurub. (Yanvarın 15-də hakimiyyət qanlı hadisələrdə 225 nəfərin həlak olduğunu bəyan edib.)

Sosial mediada yayılan, morqda çəkilmiş bir videoda meyitlə dolu dəhlizlər əks olunur. Ölənlərin çoxunun birbaşa başından güllələndiyi görünür.

Meyitxana dəhşətli yerdir. Onun qapısı ağzında durub içəridən hansı xəbərin gələcəyini gözləmək zülümdür.

Qapıda gözləyən iki ailə itkin düşən qohumları Əlibəy Kaliulini axtarır. Onlar deyirlər ki, Əlibəy əslində aksiyalarda iştirak etməyib. O, Almatıya ezamiyyətə gəlibmiş. Sonuncu dəfə arvadına zəng edəndə mağazaya getdiyini deyib. Amma o vaxtdan ondan xəbər yoxdur. Qayıtmayacağını ağlına gətirmədiyinə görə Əlibəy qaldığı evdən paltosuz çıxıbmış.

Almatıda iğtişaşlar qəfil başlanmışdı və qanla yatırıldı. Hakimiyyətin iğtişaşları terrorçuların və quldurların ayağına yazması Tokayevin həm KTMT qoşunlarını ölkəyə çağırmasına, həm də amansız güc tətbiqinə bir növ legitimlik donu geydirmiş oldu.

Nümayişlərdə iştrak etmiş almatılı siyasi fəal Əsəd Bersəlimov deyir ki, Qazaxıstanda məxməri inqilab baş qaldırmışdı, ancaq bu inqilab zor gücünə, polis dəyənəyi ilə yatırıldı.

“Hakimiyyət vəziyyəti gərginləşdirmək üçün təxribat törətdi ki, nümayişçilərə güllə ata bilsin” – adının çəkilməsini istəməyən bir başqa fəal belə deyir.

O, fikrini əsaslandırmaq üçün atışma gedə-gedə hökumət binalarına hücumların davam etməsi faktını göstərir: “Axı bu necə ola bilər?”

Hadisələrə görə minlərlə adamın saxlandığı bildirilir. Onların ailələri qorxu içindədir. Hüquq müdafiəsi qruplarından bizə dedilər ki, yardım üçün müraciət edən çox azdır.

Minlərlə insanın saxlanması hakimiyyətin necə xof keçirdiyinə aşkar sübutdur.

Dövlətin təyin etdiyi vəkillər – ən azı Almatıda – hələ də saxlananlarla görüşə bilməyiblər.

Fərdi qaydada vəkil tutulmuş Jan Kunserkin isə bizə həbsxanada müvəkkilini ziyarət edərkən gördüklərindən dəhşətə gəldiyini söylədi: “Saxlananların yarısı güllə yarası alıb, çoxunun vəziyyəti ağırdır. İnsanlar ayaq üstə dayana bilmirlər. Mənim müvəkkilim ayağından güllə yarası alıb və ona zəruri tibbi yardım göstərilmir”.

Qazaxıstanda hazırda məhkəmə prosesləri onlayn qaydada – “Zoom” proqramı və ya “ WhatsApp” messenceri vasitəsilə keçirilir.

Saxlananların əksəriyyəti qanunsuz aksiyalarda iştirak etməkdə ittiham olunacaq. Nümayişlərin terror kimi səciyyələndirilməsi isə onların bir qismini müəyyən hüquqlardan məhrum edə bilər.

Prezident Tokayev hər kəsi inandırmağa çalışır ki, o, xalqın iradəsi ilə hərəkət edib və ölkədə qanun-qayda bərpa olunub.

Ola bilsin, Tokayev ona miras qalmış, həm də içində yetişdiyi sistemdən fərqli düşünməyə cəhd göstərir. O, uğur qazana biləcəkmi? Bunu hər şeydən əvvəl saxlanan minlərlə adamın taleyi göstərəcək.

Avropa.info

ƏVVƏLKİ XƏBƏR

Lisey müəllimi vəfat edib - FOTO

SONRAKI XƏBƏR

Müğənni Aynur Dadaşovaya AĞIR İTKİ - AĞLAYIB BUNLARI DEDİ...