BMT rəsmisi Liviyada seçkilərin iyunda keçirilməsini təklif edib

BMT rəsmisi Liviyada seçkilərin iyunda keçirilməsini təklif edib

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Stefanie Vilyams bu ölkədə ötən il dekabrın 24-də baş tutmayan prezident seçkilərinin bu ilin iyun ayında keçirilə biləcəyini deyib.

AZƏRTAC xəbər verir ki, BMT rəsmisi həmin vaxta qədər seçki qanunvericiliyinin təkmilləşdirilməsi və keçmiş münaqişə tərəfləri ilə birlikdə müzakirə edilməsini təklif edib. S.Vilyams əlavə edib ki, 2,8 milyon liviyalı seçicinin səsvermədə iştirakını təmin etmək üçün, ilk növbədə, sabitliyin qorunub saxlanılması və konsensus əldə olunması lazımdır. O deyib: “Liviyada bütün institutlar legitimlik böhranı ilə üz-üzədir. Hesab edirəm ki, vəziyyətdən yeganə çıxış yolu dialoq yolu ilə problemlərin həllidir. Bütün maraqlı tərəflər açıq müzakirələr aparmalı və ölkənin gələcəyi naminə 2011-ci ildən - Muammər Qəddafinin hakimiyyətinin devrilməsindən sonra ilk seçkilərin keçirilməsinə nail olmalıdır”.

Ekspertlər Liviyada yaranmış vəziyyətlə bağlı pessimist proqnozlar verirlər. Onlar hesab edirlər ki, Tripolidə hazırda keçici hökumətə rəhbərlik edənlər general Xəlifə Haftar və Muammər Qəddafinin oğlu Seyf əl-İslamın seçkilərdə qələbəsini qəbul etməyəcəklər. Eyni zamanda, ölkənin böyük bir hissəsinə nəzarət edən General Haftar da öz məğlubiyyəti ilə barışmayacaq. Keçmiş münaqişə tərəfləri ötən ilin dekabrında namizədlərin rəsmi siyahısını açıqlamaq istəyən Milli Seçki Komissiyasına da əngəl törətmişdilər. Bütün bu amillər göstərir ki, BMT rəsmisinin təklifi üzrə, yəni cari ilin iyununda Liviyada prezident seçkilərinin keçirilməsi mümkün görünmür.

Oqtay Bayramov

Mənbə: azertag.az