Ombudsman Şamaxıda sosial müəssisəyə yerləşdirilən uşaqlarla görüşüb

Ombudsman Şamaxıda sosial müəssisəyə yerləşdirilən uşaqlarla görüşüb

Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumat yayılan vaxtdan etibarən məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən diqqətdə saxlanılıb.

"Report"un məlumatına görə, uşaqların həyatına və sağlamlığına təhlükə yaradan şəraitdə yaşayan 5 azyaşlı bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Səbinə Əliyeva həmin uşaqlarla müəssisədə görüşərək onların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.

Ombudsman görüşdə uşaqların hüquqlarının təmini vəziyyətinin, o cümlədən onların doğumunun qeydə alınması ilə bağlı məsələnin nəzarətdə saxlanılacağını bildirib.

Mənbə: report.az