Müxalifət partiyalarının 2021-ci il REYTİNQİ - Pənah Hüseyn razılaşdı, Sərdar Cəlaloğlu isə... - ƏTRAFLI

Müxalifət partiyalarının 2021-ci il REYTİNQİ - Pənah Hüseyn razılaşdı, Sərdar Cəlaloğlu isə... - ƏTRAFLI

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Tural Abbaslının paylaşdığı müxalif partiya rəhbərlərinin reytinqi ilə razıdır:

“Tural Abbaslı hesablayıbsa, düz hesablayıb”.

Bizim.Media-ya cavabda bunu deyən Pənah Hüseyninin özü isə Tural Abbaslının birinci yerdə olduğu reytinqin heç altılığına da düşməyib.

2021-ci ilin altılığına düşməyən digər müxalif siyasətçi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Bununla bağlı portalımıza münasibət bildirən ADP sədri belə detalların onu maraqlandırmadığını bildirib:

“Kimin nə qədər izləyiciyə sahib olması məni maraqlandırmır. Həqiqət çoxluqda ifadə olunmur ki. Bəzən sizə bir adam baxar və həqiqət də yalnız ona məlum ola bilər. Belə də ola bilər ki, 1 milyon baxsın, amma sənin nə dediyini anlamasın. Ümumiyyətlə, bəşəriyyəti irəli aparan adamların fikirləri uzun müddət çoxluq tərəfindən qəbul olunmayıb. Ona görə də bu tip şeylər məni maraqlandırmır. 1-ci, 2-ci, 3-cü, lap 10-cu yerdə də Tural Abbaslı olsun, Sərdar Cəlaloğlu heç baxılmasın. Lap yaxşı.

Mən tamaşaçı kütləsinin çoxluğuna görə kimləsə yarışmıram. Məni başa düşən 5 nəfər varsa. Bu mənim qələbəmdir. 100 nəfər anlamırsa, bu məni maraqlandırmır. Fəlsəfə ilə məşğul olan adam kimi Azərbaycandakı çoxluğun şüur səviyyəsinin necə olduğunu bilirəm. Onların təqdirinə uyğun fikir söyləmək Azərbaycan cəmiyyətini irəli aparmağa imkan verməz. 

İnsanları maarifləndirmək, baş verən hadisələrlə bağlı məlumatlandırmaq istəyirəm. Reytinq üçün efirə çıxsam, elə çıxış edərəm ki, sən dediyin 6 adamdan çox mənə baxarlar.

Amma məni reytinq maraqlandırmır axı. Məni maraqlandıran həqiqətin kütləyə çatdırılması, xalqın siyasi maariflənməsi və siyasi mədəniyyətinin yüksəlməsidir. Bu isə çətin işdir deyə çoxluğa elə də maraqlı deyil”.

Mənbə: bizim.media