Sərhəddəki təxribatların arxasınca: izlər İrəvandan da uzağa aparır

Sərhəddəki təxribatların arxasınca: izlər İrəvandan da uzağa aparır

Tofiq Zülfüqarov: "Ola bilsin ki, sərhəddə gərginlik yaratmaqla Ermənistan üçüncü tərəfi münaqişəyə cəlb etmək niyyətindədir"
Cümşüd Nuriyev: "Təxribatlarda həm Qərbin, həm Rusiyanın, həm də İranın maraqları var"
Yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədində yenidən silahlı gərginlik baş verdi. Sərhədin Kəlbəcər rayonu istiqamətində baş verən atışma nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ayaz Nəzərov şəhid oldu. Ermənistan tərəfi atışmada üç hərbçinin həlak oluğunu bildirib. Bununla yanaşı, daha iki nəfərin yaralandığını və onların həyatına təhlükə olmadığını elan edib.
Bu, son iki ayda sərhəddə yaşanan ilk ciddi insident sayıla bilər. Son dəfə sərhəddə atəşkəs rejimi 2021-ci ilin 16 noyabrında baş vermişdi ki, həmin toqquşmada Ermənistan 6 hərbçisinin həlak olduğunu, 32 nəfərin əsir düşdüyünü, Azərbaycan isə 7 hərbçisinin şəhid olduğunu, 10 nəfərin yaralandığını açıqlamışdı.
Ötən ilin noyabr ayının sonlarında Azərbaycan və Ermənistan liderləri arasında Soçidə, dekabrın əvvəlində isə Brüsseldə keçirilən görüşlərdə sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası ilə bağlı müəyyən razılıq əldə olunmuşdu. Bundan heç bir ay keçməmiş Ermənistanın yenidən sərhəddə təxribat törətməsi qarşı tərəfdə yekdil siyasət olmadığını göstərir. Analitiklər bildirirlər ki, ermənilər tərəfindən bu tip təxribatlar mütəmadi davam edəcək.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya deyib ki, təxribatların səbəbi müxtəlif ola bilər: "Bu gün müşahidə edirik ki, Ermənistan daxilində siyasi vəziyyət sabit deyil, müxtəlif güclər var ki, bunların yanaşmaları bir-biri ilə zidiyyət təşkil edir. Ermənistan silahlı qüvvələrində mövcudiyyətini qoruyan bir neçə siyasi güc mərkəzi mövcuddur. Hesab edirəm ki, Ermənistanda bu təxribatları hansısa orta və aşağı ranqlıların təşəbbüsü ola bilər".
"Əlbəttə, vəziyyətin stabilləşməsi ilə bağlı aparılan siyasət Ermənistan daxilində hər kəsin ürəyincə deyil. Görünür, ordu içərisində Baş nazir Nikol Paşinyana müxalif olan qüvvələrin təmsilçiləri var ki, onlar belə təxribatlara əl ata bilərlər", - deyə həmsöhbətimiz söyləyib.
O, hesab edir ki, sərhəddə gərginlik yaratmaqla Ermənistan üçüncü tərəfi münaqişəyə cəlb etmək niyyəti də güdə bilər: “Məsələn, Ermənistan əvvəl Fransanı prosesə cəlb etmək istədi. Eyni zamanda, sərhəddə Rusiyanın qoşunlarını yerləşdirməsi ilə bağlı təkliflər səslənirdi. Bunlar alınmadı. Mümkündür ki, İrəvan yenidən bu təşəbbüslərini gündəmə gətirmək istəyir”.
Zülfüqarov əlavə edib ki, İrəvan Azərbaycanla Ermənistan arasındakı balansın çoxdan pozulduğunu anlayır: "Bu gün Azərbaycan Ermənistandan qat-qat güclüdür. Üçüncü tərəfi prosesə cəlb etməklə özlərini sığortalamaq istəyi də görünür. Qazaxıstan hadisələrindən sonra Ermənistanda düşünə bilərlər ki, KTMT onların müraciətinə daha da çevik cavab verə bilər. Amma inanmıram ki, Ermənistanın bu ideyaları həyata keçsin".
Siyasi elmlər doktoru Cümşüd Nuriyev isə AYNA-ya bildirib ki, sərhəddə təxribatlar əsasən Ermənistanın yox, onun arxasındakı qüvvələrin işidir: “Təxribatlarda həm Qərbin, həm Rusiyanın, həm də İranın maraqları var. Bu qüvvələr istəyirlər ki, Azərbaycan və Ermənistan qarşıdurmasını yeni müstəviyə keçirsinlər. Rusiyanın əsas maraqları sırasında iki ölkənin gərginliyindən yararlanıb, rus sülhməramlılarını sərhəd boyu yerləşdirmək dayanır. Ermənistanın müraciəti əsasında bunu reallaşdırmaq gündəmdə ola bilər ki, hesab edirəm, bu, mümkünsüzdür”.
“Çünki KTMT-nin Qazaxıstana müdaxiləsini dünya ictimaiyyəti çox pis qarşılayıb. Həmin təşkilatın bilavasitə bu tip məsələlərə müdaxiləsi beynəlxalq hüquqa ziddir. Məsələ burasındadır ki, Azərbaycan Ermənistan tərəfə keçmir, sərhədi pozmur. Belə olan halda, prosesə KTMT-nin qarışması mümkün görünmür”, - deyə politoloq vurğulayıb.
Nuriyev xatırladıb ki, bu gün Azərbaycan ərazilərində erməni silahlıları mövcuddur: “Azərbaycan öz sərhədlərinin delimitasiya və demarkasiyasını istəyir. Əlbəttə, Ermənistanda Nikol Paşinyanı istəməyən qüvvələr var, onlar çalışacaq ki, Azərbaycan-Ermənistan sərhədində belə təxribatlar mövcudiyyətini qorusun. Əslində Paşinyan üçün bu, arzuolunan deyil. Görünən odur ki, Ermənistan ordusunda hələ də Rusiyaya xidmət edən erməni hərbçiləri var. Tez-tez təxribat törətməyə cəhd edilir ki, Azərbaycan Ordusu sərhədi keçsin. Amma Ermənistan bu arzusuna çatmayacaq. Nə KTMT, nə də başqa xətt ilə Azərbaycana hər hansı bir təzyiq göstərə biləcək”.
Müəllif: Anar Bayramoğlu

Mənbə: teref.az