"Hamının istədiyi qədər Qarabağa getməsinə şərait yaradılacaq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutları açılacaq. Bakıdan Şuşa və Ağdama avtobus biletləri yalnız yolumuzqarabaga.az portalı üzərindən satılacaq.

Lakin bu rayonlara hər bir şəxsin ildə bir dəfə səfər etməsi şərt kimi qoyulub. Bu isə sosial şəbəkələrdə etirazla qarşılanıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, növbəti mərhələdə hamının istədiyi vaxtda və istədiyi qədər o torpaqlara getməsinə şərait yaradılacaq:

“Uzun müddətdir ki, Azərbaycan xalqı Qarabağa qayıdışı səbrsizliklə gözləyir. Hər kəs gözləyirdi ki, bunun üçün lazımi şərait yaradılsın. Artıq Şuşaya və Ağdama bu gediş-gəlişə start verilir. Ümid edirik ki, növbəti günlərdə minalardan təmizlənmiş digər rayonlarımız üçün də bu şərait yaradılacaq. Əsas məsələ daha çox insanın Qarabağa gedişini təmin etməkdir. Kvotanın qoyulmasında əsas məqsəd ümumi prosesi tənzimləməkdir. Şəxsən mənim özümün də tandığım, bildiyim bir çox insan var ki, onlar səbrsizliklə Qarabağa gedəcəyi günü gözləyir. Bu mənada düşünürəm ki, ilkin mərhələdə kvota məhz buna görə qoyulub. Məqsəd bütün xalqımızın ora gedə bilməsini təmin etməkdir. Növbəti mərhələdə yəqin ki, hamının istədiyi vaxtda və istədiyi qədər o torpaqlara getməsinə şərait yaradılacaq. Hazırki dövrdə əsas hədəf və məqsəd səfərlərin daha çox insanı əhatə etməsidir”.

Şəbnəm Mehdizadə

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Tuba Büyüküstünlə Murat Boz sevgilidir? - FOTOlar

SONRAKI XƏBƏR

Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub