Gürcüstanın Saqareco və Qardabani rayonlarından olan 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gürcüstanın Saqareco və Qardabani rayonlarından olan 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yığcam yaşadıqları Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov və hərbi attaşe aparatının zabiti Cəfər Məmmədov, 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları, kənd ağsaqqalları yanvarın 19-da Qaraçöp kəndindəki “Şəhidlik" memorialı önünə gül dəstələri düzüblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bildirilib ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda mübarizədə Gürcüstandan olan 6 nəfər şəhid olub. Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Sonra şəhidin doğulduğu evdə ehsan süfrəsi açılıb.

Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, "Şəhidlik" memorialı Gürcüstanın müstəqilliyi uğrunda 1989-cu il aprelin 9-da Tbilisidə və Azərbaycanın müstəqilliyi uğrunda 1990-ci il yanvarın 20-də canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılıb.

Abidənin müəllifi əslən Saqarecodan olan Azərbaycanın Əməkdar rəssamı mərhum Zahid Hüseynovdur (Şəmirli). Xatirə kompleksi 1991-ci il yanvarın 20-də açılıb.

Səfirliyin əməkdaşları elə həmin gün Qardabani rayonunun Ağtəhlə kəndində digər şəhid Rəşid İslam oğlu İsmayılovun ailə üzvlərinə baş çəkiblər.

Şəhidin ailə üzvləri və yaxınlarının qayğıları ilə maraqlanan diplomatlar onlara yardım ediblər.

Xətayi Əzizov

Mənbə: azertag.az