Zaxarova bunu bilməlidir – Zülfüqarovdan cavab

Zaxarova bunu bilməlidir – Zülfüqarovdan cavab

Zaxarova bilməlidir ki, BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülh əməliyyatı, sülhəməcburetmə əməliyyatından fərqli olaraq, kontingentin yerləşdiyi ölkənin suverenliyinə məhdudiyyət qoymur. Bu, yalnız BMT TŞ-nin xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın fransız siyasətçi Valeri Pekresin Azərbaycanın azad edilmiş ərazilərinə qanunsuz səfəri barədə bəyanatını şərh edərkən deyib.

“Bu o deməkdir ki, dövlət sərhədi rejimini tənzimləyən ölkə qanunlarının icrası və iqtisadi məkanın müdafiə edilməsi kimi vəzifələr sülhməramlı qüvvələrin öhdəliyinə verilə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır. Vəssalam!

Beləliklə, xarici kəşfiyyat xidmətinin kuratorlar tərəfindən təşkil edilən madam Pekresin səfəri qanunsuz və 10 noyabr 2020-ci il tarixli bəyanatın ruhuna ziddir. Əgər kimsə Fransada prezident seçkilərinə təsir etmək istəyirsə, qoy bunu bizim suveren hüquqlarımızın pozulması hesabına etməsin!” - politoloq qeyd edib.

Qeyd edək ki, ötən gün Zaxarova xarici vətəndaşların, beynəlxalq təşkilatların əməkdaşlarının, eləcə də missiyaların müvəqqəti olaraq SQ-nin nəzarət etdiyi Azərbaycanın azad olunmuş rayonlarına səfər etməsi qaydasının Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfindən müəyyən edildiyini deyib.

 

Mənbə: axar.az