“Biz yasda xatirə anmırıq, düyünün tamını, çayın ləzzətini...” - Deputat

Əvvəllər yaşlı-cavan fərq etməz, doğmasını, yaxınını itirmiş şəxslərin dərdi qalırdı kənara, yas mərasimi yerinin hazırlanmasını, mərhuma verəcəyi ehsanın xərclərini düşünürdü. Pandemiyanın başlanması ilə bu kimi ənənələr bir qədər aradan qalxdı. Neçə ildir ki, Naxçıvanda yas mərasimində ehsan sadəcə limon, çay və halvadan ibarətdir. 

Bu müsbət haldır. Bununla ev yiyəsi əlavə xərcdən qurtulmuş olur. Ehsanın kütləvi şəkildə verilməsi artıq narahatlıq və yersiz qayğıdan başqa bir şey deyildi. Zaman-zaman Naxçıvan təcrübəsinin ölkənin digər bölgələrində də tətbiq olunması haqda təkliflər səslənir.

Millət vəkili Fazil Mustafa Yenisabah.az-a açıqlamasında deyir ki, yas mərasiminə ölən şəxsi anmaq üçün gedilməlidir: “Vəfat edən şəxsə və ya onun yaxınlarına görə yasa gedən insanlar var. Əslində, insanın özünə görə gedilməlidir. Bunu özünə borc bilən insanlar bir yerə yığışıb, onun xatirəsini müəyyən mənada anmalıdırlar. Amma biz yasda xatirə anmırıq. Düyünün tamını, çayın ləzzətini anırıq. Boş-boş 1-2 saat söhbət edib, çıxırıq. Bu, dərdə şərik olmaq deyil. Sözdə guya bu niyyətlə gedirlər. Lakin tam əksidir”.

Deputatın sözlərinə görə, yas mərasimində vəfat edən şəxsin həyatından xronikalar təqdim etmək olar:

“Tutaq həmin şəxsin qoyduğu izlər barədə danışmaq olar. Lakin lazımsız insandırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Elə şəxslər var ki, xeyrli insan olub, yasa gələnlərə onun əməlini bir daha xatırlatmaq üçün vizual olaraq müəyyən şeyləri etmək daha doğrudur. Mərasimlərin maarifləndirici formada keçirilməsi daha yaxşı olardı. Ölüb gedəndən sonra unudulmamasını xatırlatmaq lazımdır. Yas təkcə ehsan, ağlaşma və mərsiyədən ibarət olmamalıdır”.

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Qarabağa sərhədləri müəyyən etmək üçün gəlməyib

SONRAKI XƏBƏR

Heydərovun 48 yaşında diplom alaraq general və nazir müavini olan sürücüsü Məmmədov KİMDİR? - FOTO