Ermənistan-Azərbaycan sərhədində türklərlə ruslar üz-üzə...

Ümumilikdə müsbət notlarla başa çatan Ermənistan-Türkiyə danışıqlarının birinci raundu Ermənistan-Azərbaycan danışıqlarına da ehtiyatlı nikbinlik yaradır. Baxmayaraq ki, Bakı ilə İrəvan arasında mübahisəli məsələlər və kəskin məqamlar çoxdur.

Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı politoloq Vitaliy Arkov bildirib.

“Rusiyaya Cənubi Qafqazda sülh lazımdır. Ona görə də 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesində irəliləyiş Bakı-İrəvan münasibətlərinin normallaşmasında, qarşıdurmadan mehriban qonşuluğa keçiddə irəliləyişə imkan verəcək”, - deyə rusiyalı ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi mümkün qədər tez başlamalıdır:

“Bunun üçün rəsmi Moskva qarşıya qoyduğu məqsədə tezliklə nail olmaq üçün Bakı və İrəvana yardım etməyə tam olaraq hazırdır. Bundan əlavə, Ermənistan-Azərbaycan sərhədində obyektiv səbəblər üzündən qaçılmaz olan toqquşmaların qarşısının alınması üçün bufer zonada müvafiq olaraq Rusiya və Türkiyə sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirilməsi də mümkündür. İdeal olaraq, sərhədin bütün uzunluğu boyunca, lakin imkanları nəzərə alaraq - ən azı daha çox gərginlik olan yerlərdə”, - deyə Arkov vurğulayıb.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Polis rəisi: "Şuşa şəhəri minalardan tam təmizlənib"

SONRAKI XƏBƏR

Bu gün Şuşaya səfər edənlər arasında şəhərin 6 sakini var