Sarkisyanın istefasından sonra Paşinyanın sülh MESAJLARI

Sarkisyanın istefasından sonra Paşinyanın sülh MESAJLARI

“Nikol Paşinyan son 2-3 il ərzində sülh sazişinə hazır olması, sabitliklə bağlı bir sıra vədlər versə də, onun dedikləri hərəkətlərində öz təsdiqini tapmayıb. İndi isə proseslərdə yeni mərhələdir”.

Bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyanın yanvarın 24-də erməni mətbuatına verdiyi açıqlamaları Bizim.Media üçün şərh edən politoloq Tofiq Abbasov bildirib.

Belə ki, Paşinyanın “Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırıq” və “Zəngəzurdan keçən dəmir yolunda praktiki işlərin görülməsinə start verilib” açıqlamalarına toxunan politoloq, indiki situasiyada Nikolun daha aydın mövqe sərgiləməsinə səbəb olan Sarkisyanın istefası faktoruna da toxunub.


Tofiq Abbasovun sözlərinə görə, Ermənistan Prezidentinin istefasından sonra Paşinyan açıqlamalarını reallığa çevirməlidir:

“Söhbət ondan getmir ki, Ermənistanın səlahiyyətsiz prezidenti Armen Sarkisyan istefa verib. Lakin bunun da prosesə müsbət təsiri olacaq. Çünki ilk növbədə Armen köhnə hakimiyyətin Serj Sarkisyanın kreaturası idi. Təbii ki, bu zəmində Armen Sarkisyanla Paşinyan arasında ixtilaflar var idi. İndi Paşinyanın hakimiyyəti bir qədər də güclənir. Buna görə də, o mücərrəd danışmalı deyil. O, hər hansı bir imperativi səsləndirir, hər hansı çağırışa məhəl qoyursa, artıq gərək hərəkətləri ilə bunu sübuta yetirsin”.

Politoloq dünənki mətbuat konfransının Paşinyanın mövqeyini ortaya qoyduğunu da vurğulayıb:

“Dünənki mətbuat konfransı, həm Paşinyan hökuməti, həm də Ermənistan üçün vacib idi. Çünki vaxt itkisi artıq qarşısıalınmaz hal alıb və bu Ermənistanın əlehinədir. Bəlli deyil ki, bunlar niyə hərəkətə keçmirlər, niyə söz-söhbətlə camaatının başını qatırlar, diqqətini yayındırırlar? İndiki mətbuat konfransında konkret olaraq bəzi məqamlara toxunulubsa, ünvanlı münasibət bildirilibsə, zənnimcə, məram artıq bəllidir və bu məramla bağlı da hazırlıq özünü büruzə verir”.

Tofiq Abbasov Paşinyanın açıqlamalarının reallaşmasının İrəvan üçün faydalı olacağını da diqqətə çatdırıb:

“Belə olan halda, Ermənistanın özünün qazancı böyük olacaq. Azərbaycanın, Türkiyənin təklif etdiyi layihələr, “Üçlük”, “Altılıq” formatları ilk növbədə Ermənistanın xeyrinədir. Çünki İrəvanın proseslərə heç bir sistemli yanaşması yoxdur.

Ermənistan inteqrasiya proseslərindən və xətlərindən kənarda qalıb. Müharibəyə qədər, Ermənistan Azərbaycan və Türkiyəni onu blokadaya salmaqda ittiham edirdisə, bəs indi onları blokadaya salan kimdir?”.

Murad Əhmədov

Mənbə: bizim.media