Müxalif “Ermənistan” bloku prezident postuna öz namizədini irəli sürəcək

Müxalif “Ermənistan” bloku prezident postuna öz namizədini irəli sürəcək

Bakı, 25 yanvar, AZƏRTAC

Müxalif parlament bloku olan “Ermənistan” Armen Sarkisyanın istefasından sonra prezident postuna öz namizədini irəli sürməyə hazırlaşır.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu blokun katibi, parlamentin deputatı Arsvik Minasyan brifinq zamanı deyib. “Biz prezident postuna irəli sürəcəyimiz konkret namizədi hələlik müzakirə etməmişik, lakin bizim namizədimiz olacaq”, - deyə Minasyan bildirib.

Ermənistan parlament idarəetməsi formasına malik respublika olduğundan, ölkə prezidenti qanunverici orqan tərəfindən seçilir. Baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” fraksiyası müxalifətin iştirakı olmadan yeni prezidenti seçmək üçün kifayət qədər səsə malikdir.

Qeyd edək ki, 2018-ci ildə Ermənistan prezidenti seçilən Armen Sarkisyan yanvarın 23-də axşam saatlarında istefa verib. O, bu addımını prezidentin həm daxili, həm də xarici siyasətdə mühüm məsələlərə təsir etmək imkanının olmaması ilə izah edib.

Ermənistan prezidenti parlament tərəfindən 7 il müddətinə seçilir. Respublika konstitusiyasına görə, prezident istefa verdikdən sonra parlament 25 gündən tez və 35 gündən gec olmayaraq yeni dövlət başçısı seçməlidir. Yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri icra edir.

Mənbə: azertag.az