Sarkisyanın istefasının arxasında Paşinyan dura bilər

Sarkisyanın istefasının arxasında Paşinyan dura bilər

“Ermənistanda bir çoxları düşünür ki, yalnız güclü prezident idarəetmə sistemi ölkənin problemlərini həll edə bilər”.

Bu sözləri EDNews-a tanınmış politoloq Qabil Hüseynli bildirib.

Söhbət zamanı Qabil Hüseynli Ermənistanda dövlət idarəetmə sistemində gedən proseslərdən söz açıb.

O hesab edib ki, Baş nazir Nikol Paşinyan ölkədə öz maraqlarına uyğun konstitusiya dəyişiklikləri etməyi planlaşdırır.

“Bildiyimiz kimi, Ermənistanda indiki parlamentar idarə üsulu sabiq Prezident Serj Sarkisyan tərəfindən düşünülüb. On il prezident olan Serj Sarkisyanın referendum yolu ilə idarəetmə sisteminin parlamentar formaya keçirtməkdə əsas məqsədi ölkədə daimi rəhbərliyini təmin etmək idi. Lakin o, bu niyyətini həyata keçirə bilmədi, çünki onu inqilab yolu hakimiyyətdən kənarlaşdırdılar”.

Politoloq erməni ictimaiyyətində idarəetmə sisteminin yenidən prezident idarə üsuluna keçməsini istəyən şəxslərin sayının artdığını qeyd edib.

“Ermənistanda bir çoxları hesab edirlər ki, güclü prezident hakimiyyəti ölkənin bütün problemlərini həll etmək iqtidarındadır. Onsuzda sabiq Prezident və Baş nazir arasında fikir ayrılıqları var idi. Xüsusilə, 44 günlük müharibədən sonra Armen Sarkisyan və Nikol Paşinyan bir çox məsələlərdə ümumi bir nöqtəyə gələ bilmirdilər. Hər ikisinin mövqeylərində ziddiyyətlər var idi. Bununla bərabər, Armen Sarkisyan Serj Sarkisyana və Qarabağ klanının digər rəhbər şəxslərinə yaxın adam idi. Prezidentlik dövründə onlara dəstək nümayiş etdirməkdən çəkinmirdi”.

Sonda Politoloq Nikol Paşinyanın Ermənistanda hakimiyyətini daha da möhkəmləndirmək üçün əlinə düşən fürsətdən istifadə edəcəyini bildirib.

“Ermənistanda son parlament seçkilərində Paşinyanın partiyası xalqın əksəriyyətinin səslərini almaqla hakimiyyətini möhkəmləndirdi. Bu da ona ölkədə ümumxalq səsverməsi yolu ilə idarəetmə formasının dəyişdirməsinə imkan verir. Paşinyanın, həqiqətən ölkədə yenidən prezident idarə üsulunu formallaşdırmaq niyyəti var. Yəqin ki, Armen Sarkisyanın istefasından sonra Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Referendumdan sonra isə prezident seçkilərinin keçirilməsi nəzərdə tutula bilər”.

Qeyd edək ki, Ermənistanda bir çoxlarının fikirlərinə görə, Baş nazir Nikol Paşinyan Ermənistanın prezidenti olmaq üçün uzun müddət planlar cızır. Onlar iddia edir ki, Paşinyan prezident olduqdan sonra isə ölkədə referendum keçirdib idaretmə formasını dəyişdirməyə çalışacaq, yəni baş nazirin bütün səlahiyyətlərini prezidentə verməyi planlaşdıracaq.

Yunis Abdullayev

Mənbə: ednews.net