Moskvada bu gün cəllad anılacaq: Rusiya nə vaxtdan faşizmə göz yumur?

Moskvada bu gün cəllad anılacaq: Rusiya nə vaxtdan faşizmə göz yumur?

İkinci dünya müharibəsində faşist Almaniyası ilə əməkdaşlıq edən, nasist ideyalarının ilhamverici qismində çıxış edən erməni daşnak cəllad Qaregin Njde məsələsi gündəmdən düşmür. Bu dəfə Rusiyadakı erməni icması erməni ordusunun 30 illiyi ilə bağlı Njde barəsində filmi nümayiş etdirmək qərarına gəlib. "Qaregin Njde" adlı filmdə erməni cəlladı, minlərlə Azərbaycan, osmanlı türkünün qətlində əli olan bu şəxs qəhrəmanlaşdırılır, onun azadlıq uğrunda mübarizə aparan bir şəxs olduğu iddia edilir. Məsələ ondadır ki, bütün bunlar da Rusiya hakimiyyət orqanlarının razılığı və yaxud baş verənə göz yumması ilə həyata keçirilir. Axı necə belə olur? Dövlət Duması, XİN, hökumət faşizmin qəhrəmanlaşdırılmasına qarşı müvafiq qanun və qərarlar qəbul edib. Belə çıxır ki, qəbul edilən qanunlar sadəcə gözə kül üfürmək üçündür.

Filmin nümayişinə icazə verən Rusiyanın müvafiq qurumları bununla ölkə qanunlarını pozmuş olublar. Njdenin qəhrəman kimi qələmə verilməsi, faşizmin qəhrəmanlaşdırılması yolverilməzdir. Təəssüf ki, faşizmin qəhrəmanlaşdırılmasına qarşı çıxan ölkə özü belə bir addıma yol verir. Rusiya Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulmasına hələ də rəsmi reaksiya verməyib.

Başqa bir fakt - 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Eləcə də, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib".

Və indi də, Moskvanın düz mərkəzində yerləşən kinoteatrlardan birində həmin faşist əlaltısının, daşnak cəlladının qəhrəman obrazında qələmə verən filmin nümayişi həyata keçirilir...

Kamran Seyidov
Milli.Az

Mənbə: news.milli.az