Rəsmi Moskva Ukraynaya hücum etməkdən nə qazana bilər? - Mark Finaudun

Rəsmi Moskva Ukraynaya hücum etməkdən nə qazana bilər? - Mark Finaudun

“Artıq bir neçə ildir ki, Ukrayna ordusu ilə Rusiyanın dəstəklədiyi Donbas separatçıları arasında gedən silahlı toqquşmaların şahidi oluruq. Rusiya ordusu Ukraynanın şərq ərazilərinə müdaxilə edə bilir. Lakin Moskvanın bu müdaxilədən nə qazanmaq istədiyini indidən müəyyən etmək mümkün deyil. Onu da qeyd edim ki, Rusiya hədə-qorxu gəlməklə irəli sürdüyü təhlükəsizlik zəmanətlərini Qərbə zorla qəbul etdirməyə çalışır”.

Bu sözləri EDNews Avropa təhlükəsizliyi üzrə ekspert Mark Finauddan Ukrayna və Rusiya sərhədində baş verən gərgilik haqqında danışarkən deyib.

Ekspert həmçinin Donbasda münaqişənin hərbi yolla həll edilməsinin mümkünsüzlüyündən də danışıb.

“Donbasda tərəflər arasında münaqişəni hərbi yolla həll etmək mümkün deyil. Rusiyanın hərbi müdaxiləsinə gəlincə isə nə Moskva, nə də onların siyasi müttəfiqləri bundan heç bir siyasi nailiyyət əldə etməyəcəklər”.

Yanvar ayının əvvəlində Qərb və Rusiya arasında ikitərəfli danışıqların nəticəsiz qalmasına toxunan M.Finaud Rusiyanın Avropada super güc olmaq üçün çalışdığını da vurğulayıb.

“ Avropanın təhlükəsizliyi ilə bağlı olan problemlərin tez bir zamanda həll edilməsi qeyri-mümkündür. Rusiya Avropada özünün yenidən super güc statusunu bərpa etmək istəyir. Ona görə də Avropaya Rusiyadan gələn təhdidlərə toxunarkən, Qərbin Rusiyaya qarşı təhdidlərini də nəzərdən keçirmək lazımdır. Qarşıdurma riskini aradan qaldırmaq üçün Rusiya və ABŞ, Rusiya və NATO arasında danışıqlar davam etməlidir”.

Sonda ekspert Sovet İttifaqının dağılması nəticəsində yaranan, lakin dondurulmuş münaqişələrin nəticələrinə məhəl qoyulmadığını və bunun da təhlükəsizlik üçün risklər törətdiyini bildirib.

“Rusiya ABŞ-ın Əfqanistan və Yaxın Şərqdən geri çəkilməsindən, ABŞ və Avropa liderləri arasında fikir ayrılığının yaratdığı problemlərdən istifadə etməyə çalışır. Rusiyanın hazırki davranışı bütün beynəlxalq sistemə ( BMT nizamnaməsi, ATƏM/ATƏT, Budapeşt memorandumu) meydan oxumaq kimi görünür. Hətta, bu davranış regionda ciddi hərbi qarşıdurmaya da gətirib çıxara bilər. Siyasi və hərbi gərginliyin azalması və qarşılıqlı etimadın bərpası üçün dialoqlar və danışıqlar aparılmaldır".

Qeyd edək ki, Rusiya və Ukrayna arasında hərbi toqquşma riski getdikcə artmaqdadır. Rusiya Ukrayna ilə sərhəd olan ərazilərdə 100 mindən çox qoşun və hərbi ləvazimat halda, Ukrayna cəbhəyanı ərazilərə təxminən 200 mindən çox hərbi qüvvə toplayıb. Bir sıra mənbələrə görə, Ukrayna ordusu Donbasda Rusiyanın dəstəklədiyi separatçı qüvvələrə qarşı ciddi şəkildə hücum əməliyyatlarına hazırlaşır. Kreml isə bildirib ki, Ukrayna ordusunun Donbasa hərbi müdaxilə etdiyi təqdirdə, Rusiya ciddi və sərt tədbirlərə əl atacaq.

Yunis Abdullayev.

Mənbə: ednews.net