Türkiyə qoşunları Qarabağa gəlməlidir - Polkovnikdən Ankaraya ÇAĞIRIŞ

Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycanda, Laçın rayonunda Laçın dəhlizinə alternativ olacaq yolun tərkib hissəsi olan körpünün inşasına başlanıb. Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olan məkana gedən "dəhliz"ə alternativ yol çəkilməsi, Murovdağda tunel çəkmək istəyi təbii ki, sülhməramlı fəaliyyət missiyalarını aşan məqamlardır. Rusiyalı sülhməramlılar özlərini az qala bu ərazilərin sahibləri kimi aparmağa başlayıblar.

Rusiya sülhməramlıları Qarabağa Laçın dəhlizi ilə qanunsuz səfərlərə imkan verməklə yanaşı, eyni zamanda Azərbaycan tarixini saxtalaşdırmaqla da məşğuldurlar. Belə ki, Xocavənd rayonunu "Martuni" adlandırmaqla kifayətlənməyən rusiyalı sülhməramlılar Amarası da "qədim erməni monastırı" kimi qələmə verərək tarixi həyasızcasına saxtalaşdırırlar.

Milli.Az sülhməramlıların Qarabağdakı bu davranışları ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyevin fikirlərini öyrənib.

Polkovnik bildirib ki, rus kontingentinin bu cür özbaşınalıqları Türkiyə hərbi qoşunlarının da Qarabağa gəlməsini zərurətə çevirir:

"Rusiyanın tarixdən bu günə imperial məqsədləri adına ermənilərlə yaxınlığı və tariximizə qarşı saxtakarlıqları hər birimizə məlumdur. Bu gün bu cür əməlləri "sülhməramlı" qüvvələr adı altında ərazilərimizdə həyata keçirmək heç bir şəkildə beynəxalq mandatlara uyğun gəlmir. Bunun qarşısını almaq üçün mütləq şəkildə mövcud vəziyyəti tənzimləmək məqsədilə ərazilərimizdə rusiyalı sülhməramlılarla yanaşı aktiv olaraq Türkiyə sülhməramlıları da iştirak etməlidirlər.

Bunun da ardınca Türkiyə, Azərbaycan, Ermənistan ticari əlaqələrinin tənzimlənməsi, qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və nəticə etibarilə müəyyən bir zaman sonra Rusiya sülhməramlılarının tamamilə ərazilərimizdən çıxarılması ən doğru olanıdır.

Bundan başqa, mövcud Azərbaycan ərazilərində yaşayan erməni kökənli sakinlər zamanla Azərbaycan vətəndaşlığını qəbul edərək və bütün sosial təminatlarını dövlətimizdə almış olaraq gələcəkdə sözün həqiqi mənasında heç bir şəkildə kənar bir qüvvənin, kənar dövlətin dəstəyinə, müdaxiləsinə ehtiyac qalmadan Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təhlükəsizliyimizin təminatı təmin olunmuş ola bilər".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında keçid balının yüksək olması narazılıq yaradıb

SONRAKI XƏBƏR

Tehranda tələbələr aksiya keçirib